Azərbaycana idxal olunan balın qiyməti – ucuz və baha satan ölkələr açıqlandı

Azərbaycana idxal olunan balın qiyməti –

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan 115,46 ton təbii bal idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə ümumi idxal dəyəri 646,7 min ABŞ dolları təşkil edib. Beləliklə, ölkəyə gətirilən balın orta idxal qiyməti 1 kiloqram üçün təxminən 5,6 dollar olub.

Statistik göstəricilər göstərir ki, ən ucuz bal İran (3,5 dollar/kq) və Qırğızıstandan (4,34 dollar/kq) idxal olunub. Ukrayna, Rusiya və Gürcüstandan gətirilən balın 1 kiloqramı isə orta hesabla 5 dollar təşkil edib.

Türkiyə və Belarusdan idxal edilən balın qiyməti 6,29 dollar/kq olub.

Avropa ölkələrindən gətirilən bal isə daha bahadır. Fransadan idxal olunan balın kiloqramı 7,78 dollar, İspaniyadan 7,46 dollar təşkil edib. Almaniya (12,16 dollar/kq), İtaliya (15,04 dollar/kq), Böyük Britaniya (19,6 dollar/kq) və xüsusilə Avstriya (20,45 dollar/kq) ən yüksək qiymətlə idxal edilən ölkələr sırasında yer alıb.

Qiymət fərqləri əsasən məhsulun keyfiyyəti, qablaşdırma forması, marka dəyəri və logistika xərcləri ilə izah olunur. Ümumi mənzərə göstərir ki, Azərbaycan əsasən orta qiymət seqmentində bal idxal edir, lakin premium kateqoriyalı Avropa məhsulları da bazarda mövcuddur.

MONETAR.AZ