BƏƏ və Qətər ABŞ-ı hərbi əməliyyatları məhdudlaşdırmağa çağırır

BƏƏ və Qətər ABŞ-ı hərbi əməliyyatları

 BƏƏ və Qətər ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatların miqyasını və müddətini məhdudlaşdırmağa inandırmaq üçün müttəfiqləri ilə qapalı danışıqlar aparır. Bu barədə Bloomberg agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Əbu-Dabi və Doha münaqişənin tezliklə diplomatik yolla başa çatdırılmasına töhfə verə biləcək geniş beynəlxalq koalisiya formalaşdırmağa çalışır. Məqsəd regionda gərginliyin daha da artmasının və enerji bazarında uzunmüddətli şokun qarşısını almaqdır.

Agentlik yazır ki, Qətər bölgədə gəmiçilik marşrutları həftənin ortalarınadək bərpa olunmasa, qaz qiymətlərinin kəskin arta biləcəyi ilə bağlı xəbərdarlıq edib. İran pilotsuz uçuş aparatının hücumundan sonra ölkə ən böyük ixrac obyektində mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırıb. Bu isə Avropada qaz qiymətlərinin 50 faizdən çox artmasına səbəb olub.

Eyni zamanda, hər iki ölkə hava hücumundan müdafiə sistemlərinin təcili gücləndirilməsi istiqamətində iş aparır. BƏƏ müttəfiqlərindən orta mənzilli hava hücumundan müdafiə vasitələri üzrə dəstək istəyib. Qətər isə pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində yardım tələb edib. Mənbələrin qiymətləndirməsinə görə, hazırkı şəraitdə dronlar ballistik raketlərdən daha böyük təhlükə yaradır. Daxili təhlillərə əsasən, Qətərin MIM-104 Patriot zenit-raket kompleksləri üçün mövcud raket ehtiyatları indiki istifadə tempi ilə dörd gün ərzində tükənə bilər.

MONETAR.AZ