Boğazdan asılı qalan dünya neft bazarı

Boğazdan asılı qalan

B İranın cənubunda yerləşən Hürmüz Boğazında beynəlxalq daşımalar demək olar ki, dayanıb. Bu, İsrail və ABŞ-ın şənbə günü həyata keçirdiyi hücumlara cavab olaraq Yaxın Şərqdə baş verən əks-hücumlarla əlaqədardır.

Almaniyanın Hapag-Lloyd gəmiçilik şirkəti boğaz vasitəsilə bütün tranziti müvəqqəti dayandırdığını açıqlayıb. Məlumatlara görə, 2025-ci ilin birinci rübündə dəniz neft ticarətinin təxminən 27 faizi Hürmüz Boğazı vasitəsilə həyata keçirilib. Bu da boğazı dünyanın ən önəmli dəniz tıxac nöqtələrindən birinə çevirir.

Hazırkı vəziyyət artıq neft qiymətlərinə təsir göstərib. Brent nefti bazar ertəsi günü 10 faiz artaraq bir barrel üçün 82 dollardan yuxarı qiymətə çatıb.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə Hürmüz Boğazı vasitəsilə gündəlik orta hesabla 20,1 milyon barrel neft axını olub, bunun 14,2 milyon barrellik hissəsi xam neft təşkil edib. Neftin 5,4 milyon barrellik hissəsi Çin istiqamətində hərəkət edib, Hindistan, Cənubi Koreya və Yaponiya isə gündə 1,6–2,1 milyon barrel neft alıb. 

Bazar günü OPEC+ ölkələri İranla bağlı vəziyyətin təsirlərini yumşaltmaq məqsədilə gündəlik istehsalı 206 min barrel artırmaq qərarına gəlsələr də, bəzi ekspertlər bunun qiymətləri nəzərəçarpacaq dərəcədə təsir etməyəcəyini düşünür. Uzunmüddətli münaqişə isə qlobal qaz qiymətlərinin artmasına səbəb ola bilər.

MONETAR.AZ