Pepperstone analitiklərinin fikrincə, ABŞ və İsrailin İrana hücumlarından sonra qızılın qiymətində baş verən sıçrayış zəifləyə bilər, çünki bazarlar genişlənən münaqişənin maliyyə bazarlarına təsirini dəyərləndirməyə çalışır.
Qiymətlər kəskin artdı, çünki hücumlar fonunda investorlar təhlükəsiz aktivlərə üz tutdular. Hücumlar nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xameneinin həlak olması daha geniş regional münaqişə və dünya energetikası üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə neft tədarükünün pozula biləcəyi ilə bağlı narahatlıqları gücləndirdi.
Bakı vaxtı ilə saat 12:44-ə spot qızılın qiyməti 2,2% artaraq unsiya üçün 5 395,25 dollara yüksəldi və əsas 5 400 dollar səviyyəsi ətrafında dalğalandı. ABŞ-da qızıl fyuçersləri isə 3,1% bahalaşaraq unsiya üçün 5 411,56 dollara çatdı.
Pepperstone-un analitik qeydlərində strateqlər, o cümlədən Maykl Braun, “ticarətin gedişində ilkin sıçrayışın bir qədər zəifləməsini görməyin təəccüblü olmayacağını” qeyd ediblər.
“Bazarlar geosiyasi riskləri dəqiq qiymətləndirməmələri ilə məşhurdur: iştirakçılar daha rasional yanaşmalar yavaş-yavaş üstünlük qazanana qədər ifrat mövqelərə meyl edirlər”, deyə Braun bildirib.
Bununla belə, Braun əlavə edib ki, İrandakı hadisələr qızıl üçün “fundamental yüksəliş ssenarisini” möhkəmləndirib və qiymətli metal “getdikcə daha qeyri-müəyyən dünyada təhlükəsiz aktivlərə vəsait axınının əsas benefisiarı olaraq qalacaq; həm pərakəndə investorlar, həm də ehtiyatlar tərəfindən olan əhəmiyyətli tələb artımı dəstəkləyəcək”.
Braun ilin sonunadək qızılın unsiya üçün 6 000 dollar səviyyəsinə qədər yüksəlməsini “tam istisna etmədiyini” bildirib, lakin “belə hallarda bu səviyyəyə birbaşa yol ilə çatmağın çətin olduğunu” da vurğulayıb.
Geosiyasətdən əlavə, investorları iqtisadi göstəricilər və mənfəət hesabatları ilə zəngin bir həftə gözləyir. Martın ilk həftəsində ABŞ-da fevral ayı üzrə əmək bazarı hesabatı ilə yanaşı, Broadcom və Target şirkətlərinin maliyyə nəticələri də açıqlanmalıdır.