2026-cı ildə dünya üzrə smartfon bazarı tarixində ən ciddi geriləməni yaşayacaq. Bu barədə International Data Corporation (IDC) tərəfindən dərc olunan hesabatda bildirilir.
Analitiklərin proqnozuna görə, 2026-cı ildə qlobal smartfon tədarükləri illik ifadədə 12,9% azalaraq təxminən 1,1 milyard ədəd təşkil edəcək. IDC nümayəndəsi Fransisko Heronimo mövcud vəziyyəti belə təsvir edib: “Biz müvəqqəti azalma deyil, yaddaş tədarük zəncirində yaranan və bütün istehlak elektronikası sənayesinə yayılan sunami tipli şok müşahidə edirik”.
IDC mütəxəssisləri vurğulayıblar ki, bazardakı enişin əsas səbəbi operativ yaddaş böhranıdır. Komponentlərin bahalaşması istehsalçılara ciddi təzyiq göstərir. Tədqiqatlar üzrə baş direktor Nabil Popalın sözlərinə görə, bu böhran sadəcə qısamüddətli durğunluq deyil, bütövlükdə bazarın struktur yenidən qurulmasına gətirib çıxaracaq.
Ən böyük zərbə ucuz smartfon istehsalçılarına dəyəcək. Komponentlərin maya dəyərinin artması cihazların qiymətlərinin kəskin yüksəlməsini qaçılmaz edir. Premium seqmentdə isə vəziyyət nisbətən stabildir: Apple və Samsung yalnız böhrandan çıxmaqla kifayətlənməyib, rəqabətin sərtləşməsi fonunda bazar paylarını artıra bilərlər.
Qeyd edək ki, fevralın sonunda Counterpoint Research analitikləri Apple və Samsung-un 2025-ci ildə Avropada ən populyar smartfon istehsalçıları olduğunu bildirmişdilər. Bununla belə, 2026-cı ildə Avropa da daxil olmaqla qlobal bazarda ümumi geriləmə gözlənilir.
MONETAR.AZ