Bu gün Od çərşənbəsidir

Bu gün

Bu gün Od çərşənbəsi qeyd olunur. Od qədim türk düşüncəsində və mədəniyyətində müqəddəslik rəmzi kimi yaşayıb və bu inam günümüzə qədər gəlib çatıb.

Od çərşənbəsinin mahiyyəti odun müqəddəs hesab olunması ilə bağlıdır. Ənənəyə görə, od insanı bütün pisliklərdən, şərdən qoruyur, xeyirin qələbə çalacağına işarə edir. Bu etiqad qədim insanların Günəşə və oda olan inamından yaranıb.

Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayır və alovun üzərindən tullanır. Bu ritual daxildə olan bütün mənfi enerjini, pislikləri yandırmaq və təmizlənmək məqsədini daşıyır. Həmçinin, od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Tonqalın qalaması həmin ilin isti və bərəkətli keçəcəyinə işarə sayılır.

Qədim dövrlərdən insanlar odu qoruyub, ona hörmət edib. Qalanan tonqal hər zaman nəyəsə işarə olub. Bu ənənəyə "Kitabi-Dədə Qorqud" dastanında da rast gəlmək mümkündür. Zərdüştlükdən əvvəl insanlar Günəşin yerdəki simvolu olan odu təbiəti canlandıran və torpağı isidən rəmz kimi qəbul ediblər. İnsanlar inanıblar ki, günəşi və odu nə qədər əzizləyib, onlara hörmət göstərsələr, təbiət o qədər tez isinər və həyatlarına xoşbəxtlik gətirər.

Xatırladaq ki, Novruzun digər çərşənbələri də öz vaxtında qeyd olunur. Yel çərşənbəsi 10 mart, Torpaq çərşənbəsi isə 17 martda keçiriləcək.

Martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də Azərbaycana yaz fəsli daxil olacaq. Martın 20–21-i isə ölkədə Novruz bayramı geniş şəkildə qeyd olunacaq, ailələr bir araya gələcək, tonqal qalayacaq, adət-ənənələr yaşadılacaq və baharın gəlişi təntənəli şəkildə qarşılanacaq.

Novruz bayramı Azərbaycan xalqının təbiətə, ailəyə və qədim adətlərə verdiyi dəyərin əksidir və hər il bu ənənələr ilə həm mədəni irs, həm də xalqın birliyi qorunur.

MONETAR.AZ