ABŞ Federal Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının qanunsuz hesab edilən gömrük rüsumlarının qaytarılmasının dayandırılması və ya təxirə salınması ilə bağlı müraciətini rədd edib.
Qərar ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı hökmündən sonra idxalçı şirkətlərin “məhkəmə əmrinin dərhal icraya yönəldilməsi” tələbi əsasında qəbul olunub. Apellyasiya instansiyası idxalçıların ABŞ Beynəlxalq Ticarət Məhkəməsinin aylar əvvəl qəbul etdiyi rüsumların geri qaytarılması barədə qərarının qüvvəyə minməsi ilə bağlı müraciətini əsaslı sayıb.
Bununla da Tramp administrasiyasının cümə günü təqdim etdiyi və gömrük rüsumlarının geri ödənilməsinin dayandırılması və ya təxirə salınmasını nəzərdə tutan qarşı iddia təmin edilməyib. Məhkəmə qərarının dərhal icrası barədə göstəriş verilib və rüsumların qaytarılması prosesinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Xatırladaq ki, Donald Trampın “Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı” (IEEPA) çərçivəsində tətbiq etdiyi tariflər bir sıra özəl şirkətlər və ştatlar tərəfindən ABŞ Beynəlxalq Ticarət Məhkəməsində mübahisələndirilmişdi. Həmin məhkəmə 28 may 2025-ci il tarixli qərarında qarşılıqlılıq prinsipinə əsaslanan tariflərin prezident səlahiyyətlərini aşdığı qənaətinə gəlmişdi.
ABŞ administrasiyası qərarın hökumətin diplomatiyasına zərər vurduğunu və prezident səlahiyyətlərinə müdaxilə olduğunu əsas gətirərək apellyasiya şikayəti vermişdi. Federal Apellyasiya Məhkəməsi əvvəlcə aşağı instansiya məhkəməsinin qərarının icrasını müvəqqəti dayandırsa da, 29 avqust 2025-ci ildə həmin qərarı əsasən qüvvədə saxlamış və administrasiyaya Ali Məhkəməyə müraciət üçün vaxt vermişdi.
ABŞ Ali Məhkəməsi isə fevralın 20-də qəbul etdiyi qərarda IEEPA-nın Prezidentə tarif tətbiq etmək səlahiyyəti vermədiyini təsdiqləyib.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi Federal Apellyasiya Məhkəməsinə müraciət edərək gömrük rüsumlarının geri qaytarılması prosesinin mürəkkəb olduğunu, analoji prosedurların illərlə davam etdiyini bildirib və alternativlərin qiymətləndirilməsi üçün 90 günlük əlavə müddət istəyib. Hökumət vəkilləri iade prosesinin xaosa səbəb ola biləcəyini qeyd edərək, prosedurun adi qaydada həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
MONETAR.AZ