Dünyada onlayn ərzaq çatdırılması bazarının gəlirlərinin 2026-cı ildə 1,06 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu barədə Statistanın son hesablamalarında bildirilir.
Məlumata görə, qarşıdakı illərdə bazarın illik artım tempinin 9 faizdən yuxarı olacağı gözlənilir. Bu isə o deməkdir ki, 2020-ci illə müqayisədə onlayn ərzaq çatdırılması bazarının həcmi üç dəfədən çox artıb.
Statista Consumer Insights sorğusunun nəticələri göstərir ki, onlayn ərzaq alışının populyarlığı ölkələr arasında ciddi fərqlənir. Sorğuda iştirak edən 32 ölkə arasında Hindistan respondentləri son bir ildə onlayn ərzaq sifarişi verənlər arasında ən yüksək göstəricilərdən birini nümayiş etdirib. Ən yüksək nəticə isə infoqrafikdə yer almayan Birləşmiş Ərəb Əmirlikləridə qeydə alınıb – respondentlərin 64 faizi son bir ildə onlayn ərzaq çatdırılması xidmətindən istifadə etdiyini bildirib.
Cənubi Koreyada da əhalinin əksəriyyəti bu xidmətlərdən yararlanıb. Əksinə, Yaponiyada göstərici xeyli aşağıdır – respondentlərin cəmi 13 faizi onlayn ərzaq alışından istifadə etdiyini qeyd edib.
Çində respondentlərin təxminən 26 faizi onlayn ərzaq sifarişinə üstünlük verib. Bu göstərici Almaniyada 23 faiz, Fransada isə 21 faiz təşkil edib.
ABŞ-da isə onlayn ərzaq çatdırılması bazarının gəlirlərinin bu il təxminən 364 milyard dollara çatacağı gözlənilir. Amerika Birləşmiş Ştatlarıda respondentlərin 38 faizi yaxın dövrdə onlayn ərzaq alış-verişi etdiyini bildirib.
Mütəxəssislər qeyd edirlər ki, rəqəmsal infrastrukturun inkişafı, sürətli çatdırılma xidmətləri və istehlakçı davranışlarında dəyişikliklər bazarın genişlənməsini şərtləndirən əsas amillərdir.
MONETAR.AZ