Azərbaycanın enerji sektorunun qarşıdakı illərdə inkişafı əsasən şəbəkə infrastrukturu, enerji saxlanc sistemləri və bazar mexanizmləri ilə bağlı veriləcək qərarlardan asılı olacaq.
Bu sözləri Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister Yaşıl Enerji Məşvərət Şurasının iclasında bildirib.
Stefani Ştallmayster qeyd edib ki, Qara dəniz sualtı kabeli ilə Yaşıl Enerji Dəhlizi təşəbbüsləri arasında güclü sinerji mövcuddur və hər iki layihə regionda enerji əlaqəliliyinin artırılmasına xidmət edir.
Onun sözlərinə görə, daxili enerji sisteminin hazırlıq səviyyəsi prioritet istiqamətlərdəndir. Bu çərçivədə “Azərenerji” tərəfindən icra olunan və Dünya Bankının maliyyələşdirdiyi “Azərbaycanda bərpa olunan enerjinin genişləndirilməsi” layihəsi ötürücü şəbəkənin gücləndirilməsinə və bərpa olunan enerjinin sistemə inteqrasiyasına yönəlib.
Stefani Stallmayster vurğulayıb ki, enerji saxlanc sistemləri şəbəkə sabitliyi və layihələrin dayanıqlılığı baxımından getdikcə daha mühüm rol oynayır və Dünya Bankı bu sahədə həm maliyyə, həm də tənzimləyici dəstək göstərməyə hazırdır.
O əlavə edib ki, yalnız infrastruktur kifayət deyil – bazar mexanizmləri, şəbəkə çevikliyi və interkonnektorların inkişafı paralel şəkildə davam etdirilməlidir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri bildirib ki, qurum uzunmüddətli tərəfdaş kimi maliyyələşmə, qlobal təcrübə və özəl kapitalın səfərbər olunması istiqamətində dəstəyi davam etdirəcək.
MONETAR.AZ