Antalya narıncı rəngə bürünüb

Antalya narıncı rəngə

Türkiyənin Antalya şəhərinə qum fırtınası təsir edib. Nəticədə şəhərin səması narıncı rəng alıb. Bu barədə "Antalyahakkinda" portalı məlumat yayıb.

Şimali Afrikada yaranan qum fırtınası Aralıq dənizini keçərək Antalyaya çatıb. Şəhərdə hava qumla dolub, tozun artması səbəbindən görmə məsafəsi xeyli azalıb. Antalya üzərindəki səma qırmızı və narıncı çalarlara boyanıb. Bu rəng dəyişimi günəş şüalarının toz hissəcikləri tərəfindən sınması ilə izah olunur. Ən çox təsirlənən ərazilərdən biri Alanya rayonu olub.

Qum fırtınası bundan əvvəl Krit adasını da əhatə edib. Təbii hadisə İraklion hava limanının fəaliyyətinə mane olub, yerli sakinlərə isə evdən çıxmamaq tövsiyə edilib.

Sinoptiklərin fikrincə, qum fırtınası Rusiyaya çatmayacaq. Mütəxəssislər hesab edirlər ki, qum Türkiyədən kənara yayılmayacaq və Rusiyanın Qara dəniz bölgələri bu hadisənin təsir zonasından kənarda qalacaq. Bununla belə, fırtınanın təsiri yalnız yağış şəklində Rusiyanın cənub bölgələrində hiss oluna bilər.

MONETAR.AZ