Bloomberg xəbər verir ki, mart ayında dünya ərzaq qiymətləri nəzərəçarpacaq dərəcədə yüksəlib. Bahalaşmanın əsas səbəbləri enerji daşıyıcılarının yüksək qiymətləri və hərbi münaqişənin təsiri ilə kəskin artan yükdaşıma xərcləri olub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, mart ayında ərzaq məhsulları üzrə ümumi qiymət indeksi orta hesabla 128,5 bənd təşkil edib ki, bu da fevral göstəricisindən 3 bənd yüksəkdir. İranda davam edən müharibənin təsirləri qlobal ərzaq tədarük zəncirlərini pozmaqda davam edir.
Taxıl, şəkər, ət, süd məhsulları və bitki yağlarının topdansatış qiymətlərini izləyən indeks ay ərzində 2,4% artıb. Bu, fevral ayında beş aylıq eniş trendinin dayanmasından sonra artıq ikinci ardıcıl artım ayıdır.
Qeyd edək ki, indeks mağazalardakı pərakəndə qiymətləri deyil, əsas kənd təsərrüfatı xammalının dəyərini əks etdirir. Buna baxmayaraq, bu dinamika narahatedici siqnaldır və ərzaq inflyasiyasının uzunmüddətli ola biləcəyini göstərir. Yaxın Şərqdəki hərbi əməliyyatlar yalnız yanacaq və gübrə qiymətlərini artırmaqla kifayətlənməyib, həm də Hörmüz boğazı vasitəsilə həyata keçirilən mühüm taxıl və kənd təsərrüfatı məhsullarının tədarük marşrutlarını pozub.
Mart ayında ən böyük qiymət artımı bitki yağları və şəkər seqmentlərində qeydə alınıb. Bununla yanaşı, ət, süd məhsulları və taxıl bazarlarında da davamlı yüksəliş müşahidə olunub.
MONETAR.AZ