Prezident İlham Əliyev Zəngəzur dəhlizinin tikintisinin gedişindən danışıb

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin tikintisinin

Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi üzrə işlər sürətlə davam edir: avtomobil yolunun tikintisi artıq təxminən 90%, dəmir yolunun inşası isə 70% səviyyəsində tamamlanıb.

Bu fikirləri o, Türk Dövlətləri Təşkilatı ölkələrinin baş nazirləri və vitse-prezidentlərinin Bakıda keçirilən iclası iştirakçılarını qəbul edərkən səsləndirib.

Prezident qeyd edib ki, yaxın gələcəkdə layihənin tam başa çatdırılması gözlənilir. O həmçinin Türkiyə ərazisində Qars–Naxçıvan dəmir yolunun tikintisinə başlanmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi yeni mühüm beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasına gətirib çıxaracaq.

Bu marşrut Orta Dəhliz-in bir qolu olacaq. Prezident bildirib ki, hazırda tikilən dəmir yolu infrastrukturu ilkin mərhələdə 15 milyon ton yükdaşıma gücünə malik olacaq və gələcəkdə bu göstəricinin artırılması mümkündür.

İlham Əliyev daha sonra vurğulayıb ki, belə bir nəqliyyat dəhlizinin açılması həm region ölkələri, həm də daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu layihə iştirakçı ölkələrin yalnız öz maraqlarını təmin etmədiyini, eyni zamanda dünyaya yeni nəqliyyat marşrutları təqdim etdiyini göstərir və əməkdaşlıq, təhlükəsizlik və qarşılıqlı hörmət prinsiplərinə xidmət edir.