Azərbaycanda hazırda autizm spektr pozuntuları (ASP) ilə əlaqədar əlilliyi olan təxminən 6,8 min nəfər qeydiyyatdadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin məlumatına görə, quruma tabe reabilitasiya mərkəzləri bu şəxslərə funksional bacarıqların inkişafı və müstəqil həyat səviyyəsinin artırılmasına yönəlmiş kompleks xidmətlər göstərir. Bu xidmətlər fərdi imkanlar nəzərə alınmaqla təşkil olunur.
Proqramlar çərçivəsində psixologiya, loqopediya və erqoterapiya istiqamətlərində dəstək verilir. Eyni zamanda əlavə reabilitasiya üsulları — yoqa, ippoterapiya və rəqs-hərəkət terapiyası tətbiq olunur. Bu yanaşmalar idrak funksiyalarının, nitqin və özünəxidmət bacarıqlarının inkişafına kömək edir.
Qeyd olunur ki, reabilitasiya xidmətləri yalnız ambulator formada deyil, həm də icma əsaslı, telereabilitasiya və səyyar proqramlar vasitəsilə təqdim olunur. Bu isə daha çox ehtiyacı olan şəxsin əhatə olunmasına imkan yaradır.