Hər il aprelin 2-si dünyada Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd olunur və bu tarixdən etibarən aprel ayı autizm haqqında maarifləndirməyə həsr edilir.
Mütəxəssislərin məlumatına görə, autizm spektr pozuntusu sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlı olub, əsasən erkən uşaqlıq dövründə müşahidə edilir. Bu vəziyyət sosial qarşılıqlı əlaqədə çətinliklər, ünsiyyət bacarıqlarında fərqliliklər və təkrarlanan davranışlarla xarakterizə olunur.
Araşdırmalara əsasən, autizmin ilkin əlamətləri adətən 2-3 yaş aralığında üzə çıxır. Erkən diaqnostika və vaxtında müdaxilə uşaqların inkişafında mühüm rol oynayır.
Mütəxəssislər bildirirlər ki, autizm spektr pozuntusunun yaranma səbəbləri tam müəyyən edilməsə də, genetik amillərin təsiri ehtimal olunur. Aparılan elmi tədqiqatlar autizmin peyvəndlərlə əlaqəsinin olmadığını təsdiqləyir.
Qeyd olunur ki, autizm spektrinə müxtəlif formalar daxildir. Bunlara Asperger sindromu və digər inkişaf xüsusiyyətləri daxildir.
Statistik məlumatlara görə, dünyada milyonlarla insan autizm spektr pozuntusu ilə yaşayır. Mütəxəssislər vurğulayırlar ki, düzgün yanaşma, xüsusi təhsil proqramları və sosial dəstək sayəsində autizmli şəxslər cəmiyyətə inteqrasiya edərək məhsuldar həyat sürə bilirlər.
Maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd cəmiyyətdə autizm haqqında məlumatlılığı artırmaq, bu sahədə mövcud stereotipləri aradan qaldırmaq və autizmli şəxslərin hüquqlarının müdafiəsinə dəstək verməkdir.
MONETAR.AZ