Beynəlxalq qurumlar müharibə təsirlərinə qarşı koordinasiya qrupu yaradacaq

Beynəlxalq qurumlar müharibə təsirlərinə qarşı

Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Valyuta FonduDünya Bankı Qrupu Yaxın Şərqdə baş verən müharibənin enerji və qlobal iqtisadiyyata təsirlərinə qarşı tədbirləri gücləndirmək məqsədilə koordinasiya qrupu yaradılması barədə razılığa gəliblər.

Qurumların yaydığı birgə bəyanatda bildirilir ki, regionda davam edən münaqişə insanların həyatına və dolanışıq vasitələrinə ciddi təsir göstərməklə yanaşı, qlobal enerji bazarlarında böyük təchizat çətinliklərinə səbəb olub.

Açıqlamada qeyd olunur ki, yaranmış vəziyyətin təsirləri qlobal xarakter daşıyır və qeyri-bərabər şəkildə hiss olunur. Xüsusilə aşağı gəlirli ölkələr və enerji idxalçıları bu təsirlərdən daha çox zərər görür.

Sənəddə vurğulanır ki, neft, qaz və gübrə qiymətlərində artım artıq müşahidə olunur və bu tendensiya ərzaq qiymətləri ilə bağlı narahatlıqları da artırır. Eyni zamanda, helium, fosfat və alüminium kimi xammalları əhatə edən qlobal təchizat zəncirlərində də pozuntular qeydə alınır.

Bəyanata əsasən, Körfəz regionunda uçuşların pozulması turizm sektoruna da mənfi təsir göstərib. Bundan əlavə, maliyyə bazarlarında volatilliyin artması, inkişaf etməkdə olan ölkələrin valyutalarının zəifləməsi və inflyasiya gözləntilərinin yüksəlməsi daha sərt pul siyasəti və aşağı iqtisadi artım risklərini artırır.

Qurumlar bildiriblər ki, yüksək qeyri-müəyyənlik şəraitində hadisələrin yaxından izlənməsi, məlumatların uzlaşdırılması və siyasətçilərə dəstək verilməsi üçün koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Bu, xüsusilə borc yükü yüksək və iqtisadi imkanları məhdud olan ölkələr üçün kritikdir.

Məlumata görə yaradılacaq koordinasiya qrupu enerji bazarları və qiymətləri, ticarət axınları, maliyyə və ödəniş balansı təzyiqləri, inflyasiya meyilləri, əsas xammallar üzrə ixrac məhdudiyyətləri və təchizat zənciri problemləri ilə bağlı məlumatların mübadiləsini təmin edəcək.

Qrupun həmçinin hədəfli siyasət tövsiyələri hazırlayacağı, potensial maliyyə ehtiyaclarını qiymətləndirəcəyi və zəruri hallarda maliyyə dəstəyinin koordinasiyasını həyata keçirəcəyi bildirilir.

Bəyanatda qeyd edilir ki, ehtiyac yaranacağı təqdirdə digər beynəlxalq və regional tərəfdaşlar da prosesə cəlb olunacaq və qlobal iqtisadi və maliyyə sabitliyinin qorunması, enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də təsirlənmiş ölkələrdə dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində birgə fəaliyyət davam etdiriləcək.

MONETAR.AZ