Dünya üzrə işçilərin yalnız 22%-i iş yerlərinin ixtisarlardan qorunduğuna tam əmindir. Bu, ADP Research tərəfindən yayımlanan yeni hesabatda əks olunub və qlobal miqyasda iş güvənliyi ilə bağlı ciddi narahatlıqların mövcud olduğunu göstərir.
“Today at Work 2026” hesabatı çərçivəsində 36 ölkədə 39 mindən çox çalışan arasında sorğu aparılıb. Nəticələr göstərib ki, iş təhlükəsizliyi ilə bağlı narahatlıq xüsusilə aşağı maaşlı, təkrarlanan işlər görən və idarəetmənin aşağı pillələrində çalışan əməkdaşlar arasında daha güclüdür.
ADP-nin baş iqtisadçısı Nela Riçardson bildirib ki, son üç ildə qlobal işsizlik səviyyəsinin aşağı olmasına baxmayaraq, işçilər arasında iş yerlərinin qorunub saxlanılması ilə bağlı qeyri-müəyyənlik geniş yayılıb.
Bu nəticələr 2026-cı ildə iri şirkətlərin kütləvi ixtisar elan etməsi fonunda açıqlanıb. United Parcel Service (UPS) 30 min iş yerini ixtisar etməyi planlaşdırdığını bildirib. Block fevral ayında 4 mindən çox əməkdaşını (təxminən 40%) işdən azad edib.
Bundan əlavə, Epic Games 1000-dən çox əməkdaşını (20%), Atlassian təxminən 1600 nəfəri (10%), Confluent 25% (təxminən 800 nəfər), Crypto.com isə 12% (təxminən 180 nəfər) işçisini ixtisar edib.
Araşdırma göstərib ki, işinin təhlükəsiz olduğunu düşünən əməkdaşlar daha çox motivasiyalı və məhsuldar olurlar:
- onlar 6 dəfə daha çox işə bağlı olur,
- 3,3 dəfə daha çox özlərini məhsuldar hesab edir,
- 2 dəfə daha az işdən ayrılmağı düşünürlər.
Vəzifə səviyyəsinə görə də fərqlər müşahidə olunub. Sıravi əməkdaşların yalnız 18%-i və aşağı səviyyəli menecerlərin 21%-i işlərinin təhlükəsiz olduğunu düşünür. Bu göstərici orta səviyyəli menecerlərdə 23%, yüksək səviyyəli menecerlərdə 31%, top rəhbərlərdə isə 35% təşkil edir.
Hesabat həmçinin süni intellektdən istifadə ilə bağlı maraqlı nəticələr ortaya qoyub. Süni intellektdən tez-tez istifadə edən işçilər işlərinin daha təhlükəsiz olduğunu düşünürlər. Sorğuya görə, işçilərin 20%-i AI-dan demək olar hər gün, 30%-i isə həftədə bir neçə dəfə istifadə edir, 15%-i isə heç istifadə etməyib.
Bununla belə, AI istifadəçiləri arasında paradoksal vəziyyət də var: gündəlik istifadəçilər AI istifadə etməyənlərə nisbətən 4 dəfə daha çox özlərini potensiallarından az məhsuldar hesab edir. Amma eyni zamanda onların 30%-i işə yüksək səviyyədə bağlı olduğunu bildirir (AI istifadə etməyənlərdə bu göstərici 14%-dir).
Yaş faktoruna görə də fərqlər diqqət çəkir. 55–64 yaş arası işçilərin yalnız 18%-i, 65 yaşdan yuxarıların isə 19%-i karyera inkişafı üçün lazımi bacarıqlara sahib olduqlarına inanır. Bu göstərici 18–26 yaş qrupunda 29%, 27–39 yaş qrupunda isə 30%-dir.
Eyni zamanda, gənc işçilər AI-nin təsirinə daha nikbin yanaşır: 18–26 yaş arası işçilərin 20%-i süni intellektin növbəti ildə işlərinə müsbət təsir edəcəyinə inanır. Bu göstərici yaş artdıqca azalır.
Jay Koldvell qeyd edib ki, gələcəkdə uğurlu olmaq üçün işçilər öz bacarıqlarının təşkilat daxilində rolunu aydın görməli və işəgötürənlərin bu bacarıqların inkişafına sərmayə qoyduğunu hiss etməlidirlər.
MONETAR.AZ