Bakıda birinci sinfə qəbulda prioritet tətbiq edilən məktəblər açıqlanıb

Bakıda birinci sinfə qəbulda prioritet tətbiq edilən

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində birinci sinfə qəbul zamanı prioritet (üstünlük hüququ) sisteminin tətbiq ediləcəyi məktəblərin siyahısı açıqlanıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.

Bildirilib ki, şagird qəbulu həm sərbəst seçim əsasında, həm də prioritet qaydada həyata keçiriləcək. Sərbəst qəbul zamanı valideynlər şəxsi kabinet vasitəsilə birbaşa məktəbi və müəllimi seçə biləcəklər.

Prioritet aşağıdakı hallarda tətbiq olunacaq:

  • valideyn və ya uşaq məktəbin əhatə etdiyi ərazidə qeydiyyatda olduqda;
  • uşağın qardaşı və ya bacısı həmin məktəbdə təhsil aldıqda;
  • valideynlərdən biri həmin məktəbdə işlədikdə.

Valideynlər bu üstünlüklərdən biri əsasında müəyyən olunmuş tarixlərdə müraciət edə biləcəklər:

  • Azərbaycan bölməsi üzrə — 6 maydan 4 iyun 2026-cı ilədək;
  • digər dillərdə tədris aparılan bölmələr üzrə — 17 iyundan 16 iyul 2026-cı ilədək.

Qeyd olunub ki, prioritet sisteminin tətbiqi əhalinin sıx olduğu ərazilərdə məktəb seçimini asanlaşdırmaq məqsədi daşıyır.

Göstərilən müddət başa çatdıqdan sonra boş qalan yerlər üzrə sərbəst qəbul elan ediləcək (digər dillərdə tədris aparılan liseylər istisna olmaqla, burada qəbul müsabiqə əsasında həyata keçirilir).