Azərbaycanda elektron siqaretlər tam qadağan edildi: ağır cərimələr gəlir

Azərbaycanda elektron siqaretlər tam qadağan edildi:

Aprelin 1-dən etibarən Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, istehsalı və satışı rəsmən qadağan olunub. Qanunvericiliyə edilən dəyişikliklərlə bu məhsullar artıq tütün məmulatları siyahısına daxil edilib.

Yeni qanunvericilik elektron siqaretlərlə bağlı demək olar ki, bütün iqtisadi zənciri bloklayır. Qadağa aşağıdakı fəaliyyətləri əhatə edir:

  • İdxal və ixrac operasıyaları;

  • Yerli istehsal və saxlanılma;

  • Topdan və pərakəndə satış;

  • İstifadə (müəyyən olunmuş yerlərdə).

Qanuna əsasən, elektron siqaret — nikotinli və ya nikotinsiz buxarın tənəffüs yolu ilə orqanizmə daxil edilməsi üçün nəzərdə tutulan, kartric, flakon və digər komponentlərdən ibarət cihaz kimi müəyyən olunub.

Qızdırılan tütün məmulatları ilə fərq

Dəyişiklikdə mühüm məqamlardan biri qızdırılan tütün məmulatları (məsələn: IQOS və s.) ilə bağlıdır. Qanunvericilik bu növ məhsulları elektron siqaret hesab etmir. Qızdırılan tütün məmulatları alışdırılmadan, xüsusi aerozol yaradan cihazlar vasitəsilə istifadə olunan məhsullar kimi ayrıca təsnif edilir və bu qadağalar onlara eyni qaydada şamil olunmur.

Cərimələrin məbləği nə qədərdir?

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə qadağanı pozanları ciddi sanksiyalar gözləyir. Cərimələr subyektlərə görə aşağıdakı kimi müəyyən edilib:

Subyekt         Cərimə məbləği

Fiziki şəxslər    350 – 500 manat

Vəzifəli şəxslər   1 650 – 2 200 manat

Hüquqi şəxslər4 000 – 5 000 manat

Bundan əlavə, elektron siqaretlərdən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda istifadə edən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar.

Qeyd edək ki, bu addım əhalinin sağlamlığının qorunması və gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədini daşıyır.

MONETAR.AZ