Prezident “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”-lə bağlı gözləntiləri açıqladı

Prezident “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”-lə

Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. Bunu  Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi: "Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir.

Təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir".

MONETAR.AZ