Avropanın enerji təhlükəsizliyi növbəti ağır sınaqla üz-üzədir. Bloomberg-in yaydığı son məlumata görə, regionun ikinci ən böyük neft təchizatçısı olan Qazaxıstan, gələn ay Qara dəniz marşrutu vasitəsilə ixracı kəskin şəkildə azaldacaq. Bu qərar, onsuz da İran ətrafındakı müharibə və Hörmüz boğazının faktiki blokadası səbəbindən Yaxın Şərq neftindən məhrum olan Avropa neft emalı zavodları üçün "tempest" (fırtına) effekti yaradır. Alternativ mənbələrin tükəndiyi bir vaxtda Qazaxıstanın bu addımı qlobal enerji böhranının yeni və daha dərin mərhələsinə keçid kimi qiymətləndirilir.
İxracın azalmasının əsas texniki səbəbi Qazaxıstanın nəhəng Kaşaqan yatağında planlaşdırılan təmir işləridir. May ayında gündəlik 1,7 milyon barellik rekord ixrac planlaşdıran Xəzər Boru Kəməri Konsorsiumu (CPC), iyun ayında bu rəqəmi 1,3–1,4 milyon barelə endirmək məcburiyyətindədir. Mayın sonundan iyunun sonuna qədər davam edəcək bu təmir fasiləsi, bazardan gündəlik təxminən 300-400 min barel neftin itməsi deməkdir. Qazaxıstan neftinin 90%-dən çoxunun məhz bu kəmərlə daşındığını nəzərə alsaq, iyun ayı Avropa bazarı üçün olduqca kəsif keçəcək.
Bazarda yaranan qıtlıq qiymət konyukturasını da alt-üst edib. Müharibədən əvvəl adətən Brent markasından 3–4 dollar ucuz satılan CPC Blend markalı neft, hazırda spot bazarda Brent-dən təxminən 5 dollar baha ticarət olunur. Aprel ayında isə bu fərq (mükafat) rekord həddə — 7,75 dollara çatmışdı. Bu qiymət anomaliyası Avropadakı neft emalı müəssisələrinin çətin vəziyyətdə olduğunu və hər hansı bir alternativ xammal üçün yüksək məbləğlər ödəməyə hazır olduğunu göstərir.
Neft tədarükündəki fasilələr artıq zəncirvari reaksiya ilə digər sahələrə də sirayət edib. Aviasiya yanacağının kəskin bahalaşması Avropa aviaşirkətlərini uçuş qrafiklərini ixtisar etməyə vadar edib. ABŞ–İran münasibətlərindəki gərginliyin pik həddə çatdığı bir dövrdə, yay turizm mövsümünün başlanğıcında nəqliyyat infrastrukturunun iflic olması riski realdır. Əgər Qazaxıstandan gələn tədarükün azalması fonunda Yaxın Şərqdə sülh əldə olunmazsa, Avropa bu yayı son onilliklərin ən bahalı və ən xaotik dövrü kimi yadda saxlayacaq.
MONETAR.AZ