İqtisadçı Eldəniz Əmirov Gürcüstan iqtisadiyyatında qeydə alınan yüksək artım göstəricilərini şərh edib.
O, sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı son rəqəmlərə əsasən, 2026-cı ilin mart ayında ölkədə iqtisadi artım 10,7 faiz təşkil edib. İlk rüb üzrə orta artım göstəricisi isə 9,1 faizə çatıb. İqtisadçının sözlərinə görə, bu artımın əsas səbəblərindən biri xarici ticarət olub. Belə ki, 2026-cı ilin yanvar-mart aylarında Gürcüstanın ixracı 23,4 faiz artaraq 1,72 milyard dollara yüksəlib.
Eldəniz Əmirov xüsusilə yerli istehsala əsaslanan ixracın 75,1 faiz artmasını diqqətə çatdırıb. O bildirib ki, bu göstərici ölkədə emal sənayesinin və istehsal zəncirinin real genişlənməsini göstərir. İqtisadi artımın digər əsas mənbələrindən biri nəqliyyat və logistika sektoru olub. 2026-cı ilin ilk aylarında nəqliyyat və anbar təsərrüfatında 13,5 faiz artım qeydə alınıb. Qara dəniz limanları, regional tranzit marşrutları və Orta Dəhliz üzrə yükdaşımaların artmasının bu dinamikanı gücləndirdiyi bildirilib.
İqtisadçı informasiya və rabitə sektorunda da ciddi artım müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu sahədə 12,2 faiz artım qeydə alınıb. Rəqəmsal xidmətlərə artan tələbat, texnologiya yönümlü xidmət ixracı və xarici sifarişlərin çoxalması sektorun inkişafına təsir göstərib. Paylaşımda peşəkar və texniki xidmətlər sektorunda 10,4 faiz artımın qeydə alındığı da vurğulanıb. Konsaltinq, mühəndislik və biznes xidmətlərinə tələbatın artmasının bu yüksəlişi dəstəklədiyi bildirilib.
Tikinti sektorunda isə 8,7 faiz artım müşahidə olunub. Yeni investisiya layihələri, daşınmaz əmlak bazarındakı aktivlik və kommersiya obyektlərinin genişlənməsi sektora əlavə impuls verib. Bununla yanaşı, emal sənayesində də 7,8 faiz artım qeydə alınıb. Yerli istehsalın və ixracyönümlü məhsulların artmasının bu sahədə əsas faktor olduğu qeyd edilib.
MONETAR.AZ