ABŞ-da illik inflyasiya 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

ABŞ-da illik inflyasiya 2023-cü ildən bəri

ABŞ-da illik inflyasiya  2026-cı ilin aprel ayında artaraq 3,8 faiz səviyyəsinə yüksəlib. Bu göstərici 2023-cü ilin may ayından bəri ən yüksək hədd hesab olunur.

Məlumat ABŞ Əmək Statistikası Bürosunun (BLS) hesabatında əks olunub. Mart ayında 3,3 faiz olan illik inflyasiya aprel ayında 3,8 faizə çataraq proqnozları (3,7 faiz) bir qədər üstələyib.

Aylıq ifadədə istehlak qiymətlərinin artımı 0,6 faiz təşkil edib ki, bu da mart ayında qeydə alınan 0,9 faiz göstəricisi ilə müqayisədə zəifləmə deməkdir.

Hesabata əsasən, qiymət artımının əsas hissəsi enerji məhsullarının payına düşüb. Enerji daşıyıcıları üzrə qiymətlər 3,8 faiz artıb, benzinin qiyməti isə 5,4 faiz yüksələrək illik ifadədə 28 faizdən çox artıb.

Eyni zamanda ərzaq məhsullarının qiyməti 0,5 faiz artıb, bu isə son illərin ən yüksək aylıq göstəricilərindən biri kimi qeyd olunur. Ət, süd məhsulları, təzə meyvə və tərəvəzlərdə də qiymət artımı müşahidə edilib.

Mənzil və xidmət sektorunda da bahalaşma sürətlənib. Mənzil kirayəsi üzrə qiymətlər 0,6 faiz artaraq son iki ilin ən yüksək aylıq göstəricisini nümayiş etdirib. Otel xidmətləri üzrə qiymətlər isə 2,8 faiz yüksəlib.

Ekspertlərin qiymətləndirməsinə görə, enerji qiymətlərindəki artım digər sahələrə də yayılaraq ümumi inflyasiya təzyiqini gücləndirir. Bununla yanaşı, baza inflyasiyası da 2,8 faizə yüksələrək son aylardakı artım trendini davam etdirib.

MONETAR.AZ