AQTA-nın məhv etdiyi qida əlavələri nə üçün təhlükəli sayıldı?

AQTA-nın məhv etdiyi qida əlavələri

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Türkiyə və İtaliyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarının dövriyyədən çıxarılması və məhv edilməsi əslində bazardakı qida əlavələrinə nəzarətin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib. Məsələnin mahiyyəti məhsulların “saxta” olmasında deyil, onların üzərində göstərilən tərkib göstəricilərinin laboratoriya nəticələri ilə uyğun gəlməməsindədir.

AQTA-nın laborator müayinələri zamanı “Exnabet” məhsulunda selen, A və E vitaminlərinin eləcə də “Deluar Drops” məhsulunda isə D3 vitamininin normativ sənədlərdə və məhsul etiketində göstərilən səviyyədən aşağı olduğu müəyyən edilib. Bu isə o deməkdir ki, istehlakçı məhsulu müəyyən vitamin və mineral dəyəri ilə alsa da, real tərkib gözlənilən effekt verməyə bilər.

Bioloji aktiv qida məhsulları dərman olmasa da, insanların sağlamlıq məqsədilə istifadə etdiyi məhsullardır. Xüsusilə vitamin çatışmazlığı, immunitet zəifliyi və ya uşaqlar üçün istifadə edilən əlavələrdə tərkib göstəricilərinin düzgün olması vacib hesab edilir.

Əgər məhsul:

  • etiketdə göstərilən miqdarı təmin etmirsə;

  • normativ tələblərə cavab vermirsə;

  • laborator nəticələrdə fərqli göstərici verirsə,

o zaman məhsul “uyğunsuz məhsul” hesab olunur.

Belə məhsullar birbaşa zəhərlənmə yaratmasa da, əsas risk “yanlış gözlənti”dir.

Məsələn:

  • D vitamini çatışmazlığı olan şəxs kifayət qədər D3 qəbul etdiyini düşünə bilər;

  • immunitet üçün qəbul edilən vitamin əlavəsi real effekt verməyə bilər;

  • uzunmüddətli istifadə zamanı müalicə və profilaktika prosesi gecikə bilər.

Bu səbəbdən beynəlxalq praktikalarda da qida əlavələrinin tərkib uyğunluğu ciddi nəzarətdə saxlanılır.

Azərbaycan qanunvericiliyinə əsasən normativ tələblərə cavab verməyən qida məhsulları satışa buraxıla bilməz.

Bu səbəbdən AQTA tərəfindən, məhsul partiyaları dövriyyədən çıxarılıb, uyğun qərar qəbul olunaraq məhsullar məhv edilib.

Ümumiyyətlə son illər bioloji aktiv qida əlavələri bazarında sürətli genişlənmə müşahidə olunur. Xüsusilə vitaminlər, arıqlama məhsulları, immunitet əlavələri, uşaq vitaminləri üzrə idxal kəskin artıb.

Lakin bazarın böyüməsi ilə yanaşı keyfiyyətə nəzarət problemi də aktuallaşır. Müxtəlif ölkələrdən gətirilən məhsulların etiket məlumatları ilə real tərkibi arasında fərqlər aşkarlanır.

MONETAR.AZ