Gəlirlər və maaşlar: niyə ümumi gəlir əməkhaqqını üstələyir?

Gəlirlər və maaşlar: niyə ümumi gəlir

Son statistik göstəricilər Azərbaycanda əhalinin gəlir strukturunda maraqlı tendensiyanı ortaya çıxarır: ümumi gəlirlərin artım tempi (8,8%) orta əməkhaqqının artım tempini (6,2%) qabaqlayır. Bu fərq gəlirlərin yalnız maaşlardan deyil, daha geniş mənbələrindən qidalandığını göstərir.

Əhalinin gəlirləri yalnız muzdlu əməkhaqqından ibarət deyil. “Nominal gəlir” anlayışı daha geniş spektri əhatə edir və bu səbəbdən ümumi göstərici daha sürətlə artır.

Buraya aiddir:

  • sosial ödənişlər (pensiyalar, müavinətlər, təqaüdlər);

  • sahibkarlıq gəlirləri;

  • mülkiyyət gəlirləri (icarə haqları, faiz və dividendlər).

Bu komponentlərin hər biri ayrı-ayrılıqda artdıqda, ümumi gəlir göstəricisi əməkhaqqı statistikasını üstələyir.

Dövlət tərəfindən həyata keçirilən mütəmadi indeksasiya siyasəti sosial ödənişlərin artmasına səbəb olur. Xüsusilə pensiya və müavinətlərin artırılması əhalinin gəlir strukturunda sabit və davamlı artım yaradır. Bu artımlar əməkhaqqından asılı olmayan geniş əhali qrupunu əhatə edir.

Kiçik və orta sahibkarlığın genişlənməsi ümumi gəlirlərin artımında mühüm rol oynayır. Xüsusilə kənd təsərrüfatı, xidmət və ticarət sahələrində fərdi gəlirlər əməkhaqqı artım tempini üstələyə bilər.

Bundan əlavə, daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər də xüsusilə Bakı kimi iri şəhərlərdə ümumi gəlir statistikasına ciddi təsir göstərir.

Gəlirlərin artımında mühüm amillərdən biri də iqtisadiyyatın daha çox leqallaşmasıdır. Qeyri-rəsmi məşğulluğun rəsmi sektora keçməsi statistikada “gəlir artımı” kimi görünür. Bu, real gəlirin artmasından əlavə, uçot sisteminin yaxşılaşmasını da göstərir.

Xaricdən göndərilən pul baratları və daxili transfertlər də ümumi gəlir göstəricisini yüksəldir. Bu vəsaitlər əməkhaqqı statistikasında əks olunmasa da, əhalinin real alıcılıq qabiliyyətinə birbaşa təsir göstərir.

Mədənçıxarma, maliyyə, informasiya texnologiyaları və elmi fəaliyyət sahələrində əməkhaqları yüksək olsa da, bu sahələr ümumi məşğulluğun yalnız bir hissəsini təşkil edir.

Daha geniş məşğulluq bazasına malik ticarət, xidmət və kənd təsərrüfatı sahələrində gəlirlərin artması ümumi gəlir göstəricisini yuxarı çəkir, orta əməkhaqqı isə yalnız rəsmi muzdlu əmək üzrə hesablandığı üçün daha yavaş artır.

MONETAR.AZ