Səhiyyədə disbalans: texniki imkanlar artır, xidmət keyfiyyəti geri qalır

Səhiyyədə disbalans: texniki imkanlar artır,

Beynəlxalq reytinq agentlikləri və istifadəçi rəyləri əsasında hazırlanan son qiymətləndirmələr Azərbaycanın səhiyyə sistemində ikili mənzərəni ortaya qoyur. Numbeo platformasının  son qiymətləndirmələrinə görə Səhiyyə Sistemi İndeksi 48.89 bal təşkil edərək, sektorda paralel şəkildə həm inkişafın, həm də ciddi problemlərin mövcudluğunu göstərir.

Hesabatın ən müsbət tərəfi səhiyyə infrastrukturunun güclənməsidir. Xüsusilə tibb müəssisələrinin müasir diaqnostika və müalicə avadanlıqları ilə təmin olunma səviyyəsi 60,15 bal ilə “yüksək” kateqoriyada qiymətləndirilib. Bu göstərici son illərdə dövlət və özəl sektor tərəfindən səhiyyəyə yönəldilən investisiyaların real nəticəsi kimi dəyərləndirilir.

Eyni zamanda, tibb müəssisələrinin yerləşmə əlçatanlığı da yüksək nəticə göstərib. 63.80 bal toplayan bu indikator əhalinin tibbi xidmətlərə fiziki çıxış imkanlarının nisbətən rahat olduğunu təsdiqləyir.

İnfrastrukturdakı müsbət dinamika ilə müqayisədə xidmət keyfiyyəti sahəsində göstəricilər daha aşağı səviyyədə qalır. Ən kritik problem insan resursları ilə bağlıdır. Tibbi personalın peşəkarlıq səviyyəsi 42.48 bal ilə “mülayim” kateqoriyada qiymətləndirilib ki, bu da sektorun inkişaf tempinə uyğun gəlmədiyini göstərir.

Operativlik göstəriciləri də narahatlıq doğurur. Müayinələrin tamamlanma sürəti 48.47 bal, xəstəxanalarda gözləmə müddəti isə 42.42 bal təşkil edib. Bu rəqəmlər vətəndaş məmnuniyyətinə birbaşa təsir edən əsas problemlər sırasında yer alır.

Digər mühüm məqam isə xidmətlərin maliyyə əlçatanlığıdır. 43.63 bal ilə qiymətləndirilən bu indikator icbari tibbi sığorta sisteminin effektivliyi ilə bağlı sualların qalmaqda olduğunu göstərir.

Səhiyyə sahəsi üzrə ekspertlərin fikrincə, Azərbaycan səhiyyəsi hazırda “keçid mərhələsi”ndədir. Müasir tibbi avadanlıqların sürətli şəkildə yenilənməsi kadr hazırlığı və idarəetmə islahatları ilə eyni tempdə inkişaf etmir. Bu isə sistem daxilində müəyyən disbalans yaradır.

2026-cı ilin Səhiyyə Sistemi İndeksi göstərir ki, Azərbaycanda səhiyyə infrastruktur baxımından inkişaf etsə də, xidmət keyfiyyəti hələ də əsas zəif bənd olaraq qalır. Qısa və orta perspektivdə əsas hədəf texniki imkanların artırılması deyil, vətəndaş məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksəldilməsi olmalıdır.

MONETAR.AZ