Qlobal texnologiya sektorunda iş ixtisarlarının yeni dalğası müşahidə olunur. Layoffs.fyi platformasının topladığı və ictimai mənbələrə əsaslanan məlumatlara görə, 2026-cı ilin ilk aylarında dünyada artıq 100 mindən çox texnologiya işçisi işini itirib.
Məlumata əsasən, ixtisarların böyük hissəsi ilin birinci rübündə qeydə alınıb və bu dövrdə təxminən 81,7 min iş yeri ləğv edilib. Bu göstərici 2023-cü ilin əvvəlindən bəri ən yüksək rüblük rəqəm hesab olunur. İlin ikinci rübünün ilk həftələrində isə əlavə olaraq təxminən 20 min iş yeri ixtisar edilib.
Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə texnologiya sektorunda ixtisarlar tədricən azalma trendi göstərib və rüblük göstəricilər 57 min nəfərdən 13 min nəfərə qədər enib. 2025-ci ildə isə vəziyyət nisbətən sabit qalıb və ixtisarlar 27–37 min nəfər aralığında dəyişib.
Bununla belə, 2026-cı ildə vəziyyət yenidən kəskin dəyişib. Son aylarda Meta, PayPal və Cloudflare kimi iri texnologiya şirkətləri minlərlə işçinin ixtisar edildiyini açıqlayıb. Şirkətlər bu addımları əsasən əməliyyat səmərəliliyinin artırılması və süni intellekt sahəsinə investisiyaların yönləndirilməsi ilə izah edirlər.
Mütəxəssislərin fikrincə, hazırkı dalğa 2023-cü ildə qeydə alınan ixtisar pik səviyyəsinə (birinci rübdə 160 mindən çox iş yeri) çatmasa da, sektorun yenidən strukturlaşma mərhələsinə daxil olduğunu göstərir. 2023-cü ildə ümumilikdə 260 mindən çox texnologiya işçisinin işini itirdiyi bildirilir.
MONETAR.AZ