Suriya ölkənin milli neft şirkətinin rəhbərinin açıqlamasına görə, bir neçə iri enerji şirkətinə neft və qaz kəşfiyyatı üçün lisenziyalar verməyə hazırlaşır.
Suriya Neft Şirkətinin baş direktoru Yusif Kablavi Financial Times-a bildirib ki, Suriyada əhəmiyyətli, hələ kəşf edilməmiş neft və qaz ehtiyatları mövcuddur və potensial resursların yalnız kiçik bir hissəsi araşdırılıb.
“Ərazinin bəlkə də dörddə birindən bir qədər çoxu və ya üçdə birindən azı kəşf edilib,” deyə Kablavi bildirib. “Ölkədə hələ toxunulmamış çoxlu torpaqlar var. Orada trilyonlarla kubmetr qaz mövcuddur.”
Onun sözlərinə görə, Chevron və Qətərin Power International Holding şirkəti ötən həftə şelf blokunun kəşfiyyatı üzrə saziş imzalayıb və işlərə “iki ay ərzində” başlamağı planlaşdırırlar.
İkinci blok isə QatarEnergy və TotalEnergies şirkətləri tərəfindən nəzərdən keçirilir. Bu layihəyə investor qismində ConocoPhillips-in də qoşula biləcəyi istisna edilmir. Financial Times yazır ki, ConocoPhillips ötən il niyyət memorandumu imzalayıb.
Üçüncü kəşfiyyat bloku ilə bağlı isə Kablavi bildirib: “Mən Eni ilə işləyirəm.”