Bu gün Azərbaycan Respublikasında Daxili Qoşunlar günü qeyd olunur. 1992-ci il martın 12-də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması məqsədilə Daxili İşlər Nazirliyinin tabeliyində Daxili Qoşunların hərbi hissələrinin yaradılmasına başlanmışdır.
Azərbaycanın Daxili Qoşunları qurulduğu ilk gündən dövlətimizin təhlükəsizliyinin təmin olunmasında, ölkə daxilində qəsdlərin qarşısının alınmasında və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynamışdır. Bu hərbi strukturların 1 738 döyüşçüsü göstərdikləri şücaətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuşdur.
1991-ci ilin dekabrında SSRİ Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir.
1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 12 mart günü rəsmi olaraq Daxili Qoşunlar günü elan edilmişdir. Ulu öndər Heydər Əliyev Daxili Qoşunların inkişafına və möhkəmlənməsinə daim diqqət göstərmişdir. 2003-cü ildən isə Daxili Qoşunların fəaliyyətində yeni inkişaf mərhələsi başlamışdır.
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğı göstərir. Azərbaycanın Daxili Qoşunları bu gün döyüş hazırlığı və texniki imkanlar baxımından MDB məkanında ön sıralardadır.
MONETAR.AZ