Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumunda bildirib ki, Azərbaycanda elektron ticarət sahəsində ən çox yayılmış dələduzluq riskləri saxta saytlar, fişinq və süni intellekt texnologiyalarından istifadə ilə bağlıdır.
O qeyd edib ki, cinayətkarlar saxta elektron ticarət saytları, saxta investisiya platformaları və maliyyə dələduzluğu sxemləri vasitəsilə insanların etibarından sui-istifadə edir, müxtəlif vədlər və saxta təkliflərlə onların pul vəsaitlərini ələ keçirirlər.
Emil Mehdiyev əlavə edib ki, süni intellektin inkişafı bu sahədə yeni risklər yaradır: “Artıq bəzi hallarda süni intellekt vasitəsilə fişinq mesajlarının hazırlanması və hətta insanların səsinin klonlaşdırılması kimi üsullarla həyata keçirilən dələduzluq halları müşahidə olunur”.
O, vətəndaşları diqqətli olmağa və yalnız etibarlı elektron ticarət platformalarından istifadə etməyə çağırıb.
MONETAR.AZ