Qlobal internet trafikində insanların payı getdikcə azalır, xüsusilə zərərli botların fəaliyyəti isə artmaqdadır. Məlumata görə, 2018-ci ildə internet trafikinin 62 faizi insanlar tərəfindən yaradılırdı. Həmin dövrdə zərərli botların payı 20 faiz, faydalı botların payı isə 18 faiz təşkil edirdi.
Son 7 ildə isə internet trafikinin strukturu əhəmiyyətli dərəcədə dəyişib. Zərərli botların payı 37 faizə yüksələrək faydalı botların göstəricisini xeyli üstələyib. Faydalı botlar ümumi trafikin 14 faizini təşkil edir.
Mütəxəssislər bildirirlər ki, zərərli botların artması kibertəhlükəsizlik sahəsində ciddi problemlər yaradır. Bu botlardan tez-tez istifadəçi hesablarının məlumatlarını oğurlamaq, məxfi məlumatları toplamaq, yanlış informasiyalar yaymaq və onlayn reklamları manipulyasiya etmək üçün istifadə olunur. Elektron ticarət, maliyyə və sosial media sektorları bu cür hücumlardan ən çox təsirlənən sahələr sırasındadır. Hesablamalara görə, bot fırıldaqları şirkətlərə hər il milyardlarla dollar zərər vurur.
Bununla belə, bütün botlar zərərli deyil. Axtarış sistemlərinin indeksləşdirici proqramları və çatbotlar kimi faydalı botlar internetin işləməsində və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Lakin onların payının azalması kibercinayətkarların avtomatlaşdırılmış texnologiyalardan daha sürətlə istifadə etdiyini göstərir. Ekspertlər hesab edir ki, süni intellekt və maşın öyrənməsi texnologiyalarının inkişafı botların daha da təkmilləşməsinə səbəb olacaq və bu tendensiya gələcək illərdə də davam edəcək.
MONETAR.AZ