Apple şirkəti yenilənmiş MacBook Air modellərini rəsmi şəkildə təqdim edib. Yeniliklərin əsas xüsusiyyətləri yeni M5 prosessoru və daxili yaddaşın artırılmasıdır. Bu barədə MacRumors nəşri məlumat yayıb.
Yeni modeldə quraşdırılan M5 prosessoru 10 nüvəli mərkəzi prosessora malikdir və şirkətin iddiasına görə, sənayedə ən sürətli nüvədən istifadə edir. Qrafik prosessor konfiqurasiyaları 10 nüvəyədək təklif olunur və hər nüvə neyron sürətləndiricilərlə təchiz edilib. Bu həll sayəsində süni intellektlə bağlı tapşırıqlarda performans M4 çipli MacBook Air ilə müqayisədə dörd dəfə artıb.
Apple mühəndisləri qrafik alt-sistemini də təkmilləşdiriblər: yeni çipdə daha inkişaf etmiş shader nüvələri və şüa izləməsini (ray tracing) dəstəkləyən üçüncü nəsil qrafik prosessor tətbiq olunub. Bundan əlavə, vahid yaddaşın ötürmə qabiliyyəti 153 GB/s-ə çatdırılıb ki, bu da əvvəlki nəsildən 28% çoxdur. Yeniliklər sırasında Apple tərəfindən hazırlanmış N1 simsiz çipi də var. O, Wi-Fi 7 və Bluetooth 6 modullarının işini təmin edir.
Yaddaş konfiqurasiyasında da ciddi dəyişikliklər edilib. MacBook Air-in baza versiyası artıq 512 GB SSD ilə təchiz olunur, genişləndirmə imkanı isə 4 TB-dək saxlanılıb. Şirkət vurğulayır ki, SSD-nin oxuma və yazma sürəti əvvəlki nəsillə müqayisədə iki dəfə artıb.
Yeni noutbuklar üçün 4 mart, çərşənbə günü öncədən sifarişlər açılacaq. İlk tədarüklər isə 11 mart tarixində başlayacaq.
MONETAR.AZ