Milli Məclisin Aqrar siyasət komitəsi tərəfindən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə planlaşdırma mexanizmləri barədə danışıb.
Nazir bildirib ki, kənd təsərrüfatında sistemli planlaşdırmanın gücləndirilməsi və qiymətlərin ildən-ilə dəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsi istiqamətində müəyyən planlar mövcuddur.
Onun sözlərinə görə, ilkin mərhələdə toplanmış məlumatlar əsasında – həm Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, həm də statistik məlumat bazalarında mövcud olan göstəricilərdən istifadə edilməklə ölkənin hansı məhsula nə qədər ehtiyac duyduğu barədə fermerlərə əvvəlcədən məlumat veriləcək.
Nazir qeyd edib ki, sadə alqoritmlər vasitəsilə fermerlərə müəyyən məhsul üzrə ölkənin ehtiyacının nə qədər olduğu, eləcə də əkin sahələrinin artıq yetərli olub-olmadığı barədə məlumat təqdim olunacaq.
Məcnun Məmmədov bildirib ki, ikinci mərhələdə bu mexanizmin aqrar siyasətin əsas alətlərindən birinə çevrilməsi planlaşdırılır. Bu çərçivədə ölkənin ehtiyacı qədər məhsul istehsal edildikdən sonra həmin həcmdən artıq əkin sahələrinin subsidiya ilə dəstəklənməməsi nəzərdə tutulur.
Nazir vurğulayıb ki, fermerlər yenə də sərbəst şəkildə istədikləri məhsulu əkə biləcəklər. Lakin müəyyən həcmdən artıq əkin sahələri üçün subsidiya verilməyəcək.
Məcnun Məmmədov əlavə edib ki, ölkə dövlət tədarükü modelinə üstünlük vermir və bu yanaşmadan əsasən sovet dövründən sonra uzaqlaşılıb.
“Biz daha çox fermerlərin məhsullarının bazarlara çıxarılmasını və birgə fəaliyyət mexanizmlərinin formalaşmasını təşviq edirik”, – deyə nazir qeyd edib.
MONETAR.AZ