Kənd təsərrüfatında güzəştli maliyyə barədə bəzi məsələlər tənzimlənəcək

Kənd təsərrüfatında güzəştli maliyyə

Prezident İlham Əliyev kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklər kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxışının genişləndirilməsi və kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Yeni fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi dövlət başçısının 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda nəzərdə tutulan kreditlərin xərclənməsini Elektron kənd təsərrüfatı informasiya sistemi-in “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkil etməlidir. Bunun üçün EKTİS ilə İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyası təmin olunacaq.

Fərmana görə, Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üçün ayrılmış vəsaitin 10 milyon manatlıq hissəsinin kredit faizlərinin maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı tədbirlər görməlidir. Bu məqsədlə tələb olunan vəsait növbəti illərin dövlət büdcəsi layihələrində də nəzərdə tutulacaq.

Yeni qaydalara əsasən, kənd təsərrüfatı istehsalı xərclərinin maliyyələşdirilməsi üçün sahibkarlıq subyektlərinə 1 ilədək müddətə verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin müəyyən hissəsi Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ödəniləcək. Bu kreditlər kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə kimi xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.

Sahibkarlıq subyektləri güzəştli kreditlərin alınması üçün müvəkkil təşkilatlara rəsmi qaydada müraciət edəcəklər. Müvəkkil təşkilatlar müraciət daxil olduqdan sonra 15 iş günündən gec olmayaraq kredit risklərini qiymətləndirərək qərar qəbul etməli və ya əsaslandırılmış imtina təqdim etməlidirlər. Müsbət qiymətləndirilmiş müraciətlər barədə məlumatlar Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunur və Agentlik 10 iş günü ərzində kredit üzrə maliyyələşdiriləcək faiz məbləğini təsdiqləyir.

Verilən kredit vəsaitləri sahibkarlıq subyektlərinin bank hesablarına köçürüləcək və nağdlaşdırılmadan istifadə ediləcək. Kredit vəsaitləri yalnız müraciətdə göstərilən məqsədlər üzrə EKTİS-in “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təchizatçıların hesablarına yönəldiləcək. Kredit müqabilində təqdim edilən məhsul, iş və xidmətlərin təsdiqedici sənədləri isə təhvil verənin razılığı ilə Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya ediləcək.

Qaydalara əsasən, sahibkarlar kredit üzrə əsas borcu və faizlərin Agentlik tərəfindən maliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun ödəməlidirlər. Agentlik isə kreditlər üzrə faizlərin maliyyələşdirdiyi hissəsinin hesablanmasını və ödənişlərin rübdə ən azı bir dəfə həyata keçirilməsini təmin edəcək.

Monitorinqlər zamanı kredit vəsaitindən 3 ay ərzində istifadə edilmədiyi və ya vəsaitin təyinatı üzrə xərclənmədiyi müəyyən olunarsa, Agentlik faizlərin maliyyələşdirilməsini dayandıracaq. Belə hallarda ödənilmiş güzəşt vəsaiti müvəkkil təşkilatlar tərəfindən Agentliyə qaytarılacaq və həmin vəsait bu qaydanın məqsədlərinə uyğun istifadə ediləcək. Qaytarılmış vəsait isə sahibkarlıq subyektlərindən geri tələb olunacaq və belə sahibkarlar 3 il müddətində dövlət tərəfindən faizlərinin bir hissəsi maliyyələşdirilən kreditlərdən yararlana bilməyəcəklər.

MONETAR.AZ