Çində uzunluğu 905 metr olan eskalator istifadəyə verilib

Çində uzunluğu 905 metr olan eskalator

Çinin Çunçin şəhərində (Uşan rayonu) sakinlər işə getmək, qohumlarını ziyarət etmək və ya sadəcə ərzaq almaq üçün dik yamacları və dar, dolama yolları keçərək təxminən bir saat vaxt sərf etməli olurdular. İndi isə onların işi xeyli asanlaşıb: fevralın 17-də burada “Uşan ilahəsi” adlı eskalator istifadəyə verilib. Bildirilir ki, bu gün üçün bu tipdə ən uzun şəhər eskalatorudur.

Bu genişmiqyaslı layihə bir saatlıq yorucu dağa qalxma yolunu cəmi 20 dəqiqəlik səyahətə çevirib və həm yerli sakinlərin, həm də turistlərin həyatını xeyli rahatlaşdırıb.

Qurğu dağın konturlarını təkrarlayacaq şəkildə inşa edilib. Qaldırıcı sistemlər piyada yolları ilə birləşdirilib və bu yollar yamac boyunca düz xətt üzrə deyil, ərazinin təbii landşaftını izləyir.

Dağ silsiləsi boyunca yerləşən bu mexanizmlər şəbəkəsi 21 eskalator, 8 lift, 4 hərəkətli piyada zolağı və bir neçə piyada körpüsündən ibarətdir.

Eskalatorun ümumi uzunluğu 905 metrdir və o, 242,14 metr hündürlüyə qalxır. Bu, təxminən 80 mərtəbəli göydələnin hündürlüyünə bərabərdir.

Sınaq mərhələsində sərnişinlər eskalatordan 3 yuan (təxminən 40 sent) ödəməklə istifadə edə bilirlər.

Çunçin, həmçinin “Dağ şəhəri” kimi tanınır və Çinin ən mənzərəli, eyni zamanda coğrafi baxımdan ən mürəkkəb şəhərlərindən biridir. Şəhər dik qayalar və dağlar üzərində qurulub. Hətta burada qatar xətləri birbaşa yaşayış binalarının içindən keçir.

MONETAR.AZ