Dövlət qulluqçusu olmaq istəyənlər 15 mart tarixində imtahan verəcək

Dövlət qulluqçusu olmaq istəyənlər 15 mart tarixində

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 mart 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək. Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2026-cı il fevralın 10-dan martın 1-dək aparılıb və bu müddət ərzində 1689 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində iki binada təşkil olunacaq. İmtahanların keçirilməsi üçün iki ümumi imtahan rəhbəri, 20 zal admini, 112 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.