Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxış edib.
O bildirib ki, Azərbaycanda fermerlərin birgə fəaliyyətinə, hansısa formada torpaqların birləşdirilərək məhsul istehsalına nail olmağa çalışmalıyıq:
"Azərbaycan inkişaf etdikcə kənd təsərrüfatında məşğul əhali sayı azalacaq. Azərbaycanda süni zəkanın məşğulluğa təsirindən daha çox, ortadakı boşluğu aradan götürməsinə inanıram".
Nazir qeyd edib ki, Azərbaycanın ümumi inkişaf dinamikasına uyğun olaraq, kənd təsərrüfatında çalışanların sayının ümumi əhali sayına nisbətinin azalması gözlənilir: "Bu, inkişaf etmiş ölkələr üçün xarakterik olan normal prosesdir. Məsələn, Niderland, İsrail və ABŞ kimi ölkələrin təcrübəsinə baxsaq görərik ki, məşğul əhalinin cəmi 1-2 %-i bu sahədə çalışır. Adətən kənd təsərrüfatı yaratdığı əlavə dəyər baxımından digər sektorlarla müqayisədə sonuncu yerlərdə qərarlaşsa da, məşğul adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) göstəricisi kifayət qədər yüksək olur".
Təhsil və kadr hazırlığı məsələlərinə toxunan M.Məmmədov bildirib ki, ölkədə nə qədər çox təhsil ocağı kadr yetişdirməyə meyl edərsə, bu sahənin inkişafı üçün bir o qədər faydalı olar: "Hazırda Aqrar Universitetlə yanaşı, Lənkəran və Naxçıvan Dövlət Universitetlərində müvafiq fakültələr fəaliyyət göstərir. Eyni zamanda, ADA Universiteti kənd təsərrüfatı sahəsində yeni fakültələr açıb".
Nazir həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində Macarıstanın Mate Universitetinin Azərbaycanda öz filialını açmaqda maraqlı olduğunu və bu istiqamətdə müzakirələrin hazırda davam etdiyini diqqətə çatdırıb.