Kür çayına 4 min ədəd çəkikimi balıq körpəsi buraxılıb

Kür çayına 4 min ədəd çəkikimi

Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bioloji müxtəlifliyin qorunması və balıq ehtiyatlarının artırılması məqsədilə balıq buraxılışı həyata keçirilib.

Mərkəzdən verilən məlumata görə, tədbir çərçivəsində çəkisi 50–100 qram aralığında olan 4 000 ədəd çəkikimi balıq körpəsi çaya buraxılıb. Buraxılan balıqlar Mərkəzin tabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində xüsusi şəraitdə yetişdirilib.

Qeyd edilib ki, həyata keçirilən tədbirin əsas məqsədi su hövzələrində bioloji müxtəlifliyin qorunması, təbii balıq ehtiyatlarının artırılması və çay ekosisteminin bərpasına töhfə verməkdir.

Mərkəz tərəfindən daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş balıq buraxılışı tədbirlərinin gələcəkdə də davam etdirilməsi planlaşdırılır. Bu cür tədbirlər su hövzələrinin bioloji balansının qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə xidmət edir.

MONETAR.AZ