İran müharibə fonunda Çinə neft ixracını davam etdirir

İran müharibə fonunda Çinə neft ixracını

İran Yaxın Şərqdə münaqişə başladıqdan sonra da Çinə neft ixracını davam etdirir. CNBC telekanalının analitiklərinin məlumatına görə, münaqişə dövründə Hörmüz boğazı vasitəsilə Çinə təxminən 12 milyon barel neft göndərilib.

Neft daşımalarının izlənməsi xidməti olan TankerTrackers-in həmtəsisçisi Samir Madani bildirib ki, ABŞİsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan sonra Çinə azı 11,7 milyon barel xam neft göndərilib.

Analitik şirkət Kplerin hesablamalarına görə isə 28 fevraldan bəri boğazdan keçən neft həcmi təxminən 12 milyon barel təşkil edib.

Bununla belə, analitiklər qeyd edirlər ki, yükün son təyinat nöqtəsini müəyyən etmək getdikcə çətinləşir. Ekspert Nhwey Khin Soe bildirib ki, son illərdə Pekin İran neftinin əsas alıcılarından biridir və “bu barellərin böyük hissəsi sonda Çinə gedə bilər”.

Daha əvvəl Tehran hakimiyyəti Hörmüz boğazı vasitəsilə ixracı dayandırmaqla hədələmişdi. İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Sardar Naeini isə bildirmişdi ki, ABŞ və İsrailin hücumları davam etdiyi müddətdə ölkənin silahlı qüvvələri regiondan bir litr belə neft ixracına icazə verməyəcək.

Buna baxmayaraq, Çin hələ də Hörmüz boğazı vasitəsilə daşınan xam neftin ən böyük idxalçısı olaraq qalır. Keçən ilin birinci rübündə Pekin bu marşrutla gündəlik təxminən 5,35 milyon barel neft idxal edib.

Eyni zamanda Vaşinqton yaxın günlərdə Parisdə keçiriləcək sammitdə Çinlə İran neftinin alışının azaldılması məsələsini müzakirə etməyi planlaşdırır. Financial Times yazır ki, əgər Çin ucuz İran neftinə çıxışı itirsə, Pekin tədarükü artırmaq üçün Rusiyaya daha çox üz tuta bilər.