Çin təsirləri azaltmaq üçün yuanın dəyişkənliyinə üstünlük verir

Çin təsirləri azaltmaq üçün yuanın dəyişkənliyinə

Çin Xalq Bankı (PBOC) yuanın məzənnəsinin daha çevik olmasına artan dözümlülük göstərdiyini siqnal edir. Bu, tənzimləyicinin İrandakı müharibənin yaratdığı bazar sarsıntılarına baxmayaraq milli valyutanı qorumaq qabiliyyətinə güvəndiyini göstərir.

Bloomberg agentliyinin məlumatına görə, yuanın PBOC tərəfindən hər gün müəyyən edilən referens məzənnəsinin 30 günlük volatilliyi bu həftə 2024-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb.

Gündəlik fixinq göstəricisinin volatilliyinin artması onu göstərir ki, Pekin yuanın yalnız bir istiqamətdə hərəkət etməsini dəstəkləmir, əksinə iki istiqamətli dalğalanmaları təşviq edir. Bu sistemə görə yuanın daxili bazardakı məzənnəsi referens göstəricidən hər iki istiqamətdə maksimum 2% fərqlənə bilər.

Maybank bankının strateqi Fiona Lim bildirib: “Hazırda Çin Xalq Bankı üçün bazarın yuanın istiqamətini müəyyən etməsi qəbulediləndir. Bu isə təbii olaraq fixinq prosesinə müəyyən volatillik gətirir.”

Fevralın sonunda təxminən üç ilin ən yüksək səviyyəsinə çatdıqdan sonra yuan dar diapazonda ticarət olunmağa başlayıb və əvvəlki birtərəfli yüksəlişdən imtina edib, çünki bazarlar son geosiyasi şokların təsirini qiymətləndirir.

Bu ay Yaxın Şərqdə müharibə fonunda Çin valyutası təxminən 0,1% zəifləyib. Lakin güclü ixrac göstəriciləri və tənzimləyicinin dəstəyi sayəsində yuanın itkiləri digər Asiya valyutalarından daha az olub.

Çərşənbə günü Çin Xalq Bankı yuan üçün referens məzənnəni 1 dollar = 6,8917 yuan səviyyəsində müəyyən edib. Bu, 2023-cü ildən bəri ən güclü səviyyə hesab olunur. Ticarət zamanı isə məzənnə təxminən 6,87 civarında olub.

Keçən həftə PBOC rəhbəri Pan Gongsheng bir daha vurğulayıb ki, Çin ticarət üstünlüyü əldə etmək üçün yuanı qəsdən devalvasiya etmək niyyətində deyil. Bu açıqlama dolların güclənməsi fonunda yuanın bilərəkdən zəiflədilə biləcəyi barədə spekulyasiyaları aradan qaldırmaq məqsədi daşıyırdı.

Analitiklər hesab edirlər ki, ayın sonunda Donald Trumpın Pekinə gözlənilən səfəri ərəfəsində yuanla bağlı müsbət gözləntilər davam edə bilər, çünki Çin hakimiyyəti diplomatik danışıqlar üçün sabit valyuta fonunun vacib olduğunu düşünür.

Crédit Agricole CIB strateqi Eddie Cheung isə qeyd edir ki, güclü makroiqtisadi göstəricilər sayəsində yuan hələ də nisbətən “təhlükəsiz liman” valyutası kimi qalır. 

MONETAR.AZ