Windows 11 əməliyyat sisteminin işini yavaşlada bilən funksiyalar barədə BGR nəşrinin jurnalistləri məlumat veriblər.
Məqalədə qeyd olunur ki, Microsoft tərəfindən hazırlanmış əməliyyat sistemi bəzi daxili funksiyalar səbəbindən gözləniləndən daha yavaş işləyə bilər. Mütəxəssislər bu funksiyaları açıqlayıb və onları söndürməyi tövsiyə ediblər.
İlk növbədə qeyd edilir ki, Microsoft OneDrive bulud xidməti tez-tez fon rejimində avtomatik işə düşür və kompüterin resurslarını istifadə edə bilər. Lakin proqramı tam silmək mütləq deyil. Onu müvəqqəti dayandırmaq da mümkündür.
Jurnalistlər həmçinin bildiriblər ki, sistemə müasir görünüş verən vizual effektlər prosessoru, operativ yaddaşı və videokartanı əlavə yükləyə bilər. Xüsusilə 8 GB-dan az operativ yaddaşı olan və ya köhnə avadanlıqdan istifadə edən kompüterlərdə bu daha çox hiss olunur. Bu səbəbdən həmin effektləri Windows parametrlərində söndürmək tövsiyə olunur.
Bundan əlavə, istifadəçilərə “Autostart” (avtoyüklənmə) bölməsini yoxlamaq və lazımsız proqramları siyahıdan çıxarmaq məsləhət görülür. Əks halda, kompüter işə düşərkən bu proqramlar sistemi əlavə yükləyir.
Sistemin sürətinə fon rejimində işləyən tətbiqlər də təsir göstərə bilər. Mütəxəssislər “Tətbiqlər” bölməsində bu proqramları yoxlamağı və bəzi xidmətlərin fon rejimində işləməsini məhdudlaşdırmağı tövsiyə edirlər.
Məqalədə həmçinin qeyd olunur ki, bəzən tam optimallaşdırılmamış (“xam”) yeniləmələr də sistemi yavaşlada bilər. Bu halda istifadəçilərə yeniləmələrin dərhal quraşdırılmasını söndürmək və onların yüklənməsini beş həftəyə qədər təxirə salmaq məsləhət görülür.
Qeyd olunur ki, mart ayının əvvəlində yayılan məlumatlara görə, Windows 11 istifadəçilərinin payı son iki ayda kəskin artıb və fevral ayında 72,78% ilə rekord səviyyəyə çatıb.