Dünya neftinin əsas hissəsi iki regionda hasil olunur
2025-ci ildə dünyada gündəlik orta hesabla 106,3 milyon barel neft və digər maye yanacaq hasil edilib. Məlumata görə qlobal neft istehsalının böyük hissəsi cəmi iki regionun payına düşür.
Statistikaya əsasən, Şimali Amerika 2025-ci ildə gündə 31,8 milyon barel hasilatla dünya üzrə ən böyük neft istehsalçısı region olub. Bu, qlobal istehsalın təxminən 29,9 faizinə bərabərdir. Regionda hasilatın artımında xüsusilə ABŞ-da şist nefti istehsalının genişlənməsi mühüm rol oynayıb. Kanada da rekord göstəricilərə yaxın hasilat səviyyəsinə çataraq gündə təxminən 5 milyon barel neft istehsal edib.
İkinci yerdə Yaxın Şərq regionu qərarlaşıb. Bu regionda gündəlik neft hasilatı 31 milyon barel təşkil edərək qlobal istehsalın 29,1 faizini formalaşdırıb. Regionun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanıdır. Ölkədə 2025-ci ildə gündəlik neft hasilatı 9,6 milyon barel olub. İran isə gündəlik 3,1 milyon barel neft istehsal edib.
Məlumatlara görə, Avrasiya regionu (Rusiya, Qazaxıstan və Azərbaycan) gündə 13,6 milyon barel hasilatla qlobal istehsalın 12,8 faizini təşkil edir. Asiya-Sakit okean regionunun payı 8,9 faiz, Mərkəzi və Cənubi Amerika regionunun payı 8,4 faiz, Afrika regionunun payı 7,2 faiz olub. Avropa isə cəmi 3,7 faizlə ən az neft istehsal edən region kimi göstərilir.
Ekspertlər bildirirlər ki, qlobal neft ticarətində mühüm rol oynayan əsas marşrutlardan biri Hörmüz boğazıdır. Dünyada daşınan neftin təxminən 20 faizi bu boğazdan keçir. Bu marşrut xüsusilə Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır.
Enerji təhlükəsizliyini təmin etmək üçün bir sıra ölkələr strateji neft ehtiyatları saxlayır. Beynəlxalq Enerji Agentliyinin üzvləri, o cümlədən Avropa ölkələri, Yaponiya və Cənubi Koreya ən azı 90 günlük idxala bərabər neft ehtiyatı saxlamağa borcludur. Çin isə son illərdə dünyanın ən böyük strateji neft ehtiyatlarından birini formalaşdırıb.
MONETAR.AZ