ABŞ-ın İrana hücumlarının ilk 6 gündəki xərci 11,3 milyard dolları keçib

ABŞ-ın İrana hücumlarının ilk 6 gündəki xərci

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumların ilk 6 günündə əməliyyatların dəyərinin 11,3 milyard ABŞ dollarını keçdiyi iddia olunur.

Bu barədə The New York Times qəzeti mövzu ilə tanış olan üç mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri ABŞ Konqresi üzvləri üçün keçirilən brifinqdə İrana qarşı hücumların maliyyə dəyəri ilə bağlı ilkin qiymətləndirmələri təqdim ediblər.

Bildirilir ki, Pentaqon nümayəndələri görüş zamanı İrana qarşı hücumların başladığı 28 fevral tarixindən sonrakı ilk altı gün ərzində əməliyyatların xərclərinin 11,3 milyard dollardan artıq olduğunu Konqres üzvlərinə çatdırıblar.

Qəzet qeyd edir ki, bu rəqəm Konqres üzvlərinə təqdim olunan ən geniş maliyyə qiymətləndirməsi hesab olunur.

Bununla yanaşı, hesablamalara hücumlar başlamazdan əvvəl regiona əlavə hərbi qüvvələrin göndərilməsi, şəxsi heyətin və texnikanın yerləşdirilməsi ilə bağlı xərclərin daxil edilmədiyi bildirilir. Bu səbəbdən ümumi xərclərin yaxın dövrdə daha da artacağı ehtimal edilir.

MONETAR.AZ