Azərbaycanda cərimə növündə cəzaya məhkum edilmiş şəxslərin borclarının məcburi qaydada tutulması ardıcıllığı dəyişdirilir. Milli Məclisin son iclasında Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib.
Yeni qanun layihəsinə əsasən, cərimə vaxtında ödənilmədikdə məcburi icra tədbirləri fərqli ardıcıllıqla həyata keçiriləcək. Belə ki, əvvəlki qaydaya görə, borc məbləğindən asılı olmayaraq ilk növbədə şəxsi mülkiyyətdə olan əmlaka (ev, avtomobil və s.) həbs qoyulurdu. Yeni qaydaya əsasən isə ilk növbədə əməkhaqqı və ya digər gəlirlərdən tutulma aparılacaq, yalnız qazanc olmadığı halda şəxsi əmlaka həbs qoyulacaq.
Qanunvericilik təşəbbüsünün müəllifləri bildirirlər ki, köhnə mexanizm bir çox hallarda icra prosesini ləngidir və qeyri-mütənasib nəticələrə səbəb olurdu. Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üçün yüksək dəyərli əmlakın həbs edilməsi və hərraca çıxarılması həm vaxt itkisinə, həm də əlavə xərclərə yol açırdı. Yeni qayda isə icra prosesinin operativliyini artırmaq və borclunun əmlakına yönələn lazımsız hərrac prosedurlarını minimuma endirməyi hədəfləyir.
Layihə parlamentin plenar iclasında birinci oxunuşda bəyənilib. Qanunun tam qüvvəyə minməsi üçün o, daha iki oxunuşdan keçməli və dövlət başçısı tərəfindən təsdiqlənməlidir.
MONETAR.AZ