Tramp administrasiyası hər bir miqrantın deportasiyasına bu qədər pul xərcləyib

Tramp administrasiyası hər bir miqrantın deportasiyasına bu qədər

Bloomberg-in bugün Senatın Beynəlxalq Əlaqələr Komitəsinin demokratları tərəfindən dərc olunan hesabata istinadən yazdığı məqaləyə görə, Tramp administrasiyası təxminən 300 miqrantın onlarla heç bir əlaqəsi olmayan ölkələrə deportasiyası üçün 40 milyon dollardan çox vəsait xərcləyib.

Deportasiya proqramının orta dəyəri bir nəfər üçün 133 333 dollar olub, Ruandaya göndərişlərdə isə bu məbləğ bir deportasiya edilən şəxs üçün təxminən 1,1 milyon dollara çatıb. Ruanda ümumilikdə yeddi deportasiya olunan şəxsi qəbul edib.

Beş ölkə — Ekvatorial Qvineya, Ruanda, Salvador, Palau və Esvatini ümumi məbləğin 32 milyon dollarını alıb. Vəsaitlər onların istifadəsinə nəzarət mexanizmi olmadan birbaşa xarici hökumətlərə köçürülüb və Dövlət Departamenti xərclərə nəzarət üçün kənar auditorlar cəlb etmir.

Senat komitəsinin əməkdaşlarına verdiyi qapalı müsahibədə bir amerikalı məmur bildirib ki, proqram miqrantları sığınacaq üçün müraciətlərindən çəkindirmək məqsədilə qorxutma strategiyası və bahalı çəkindirmə vasitəsi kimi hazırlanıb. Onun sözlərinə görə, Sakit okeanda ada dövləti olan Palau və Cənubi Afrikada yerləşən krallıq Esvatini kimi istiqamətlər qismən ona görə seçilib ki, miqrantların öz vətənlərindən çox uzaq, əlçatmaz yerlərə göndərilə biləcəyini nümayiş etdirsin.

Ağ Ev bu siyasəti sənədsiz və cinayət törətmiş şəxslərin, onları qəbul etməkdən imtina edən doğma ölkələrindən çıxarılması üçün zəruri addım kimi müdafiə edir. Bu praktikanı məhkəmədə mübahisələndirən miqrasiya qrupları isə bildirirlər ki, bu yanaşma qanunlara əməl edən qeyri-vətəndaşlara da təsir göstərir və onlar deportasiyanı mübahisələndirmək imkanlarının məhdud olduğu, tanımadıqları ölkələrə göndərilmək riski ilə üzləşirlər.

MONETAR.AZ