Capital Economics bu həftə yaydığı analitik qeyddə bildirib ki, Çində qızıla artan tələbat getdikcə təhlükəsizliyə yönəlmiş davranışdan çox spekulyativ hərəkətləri xatırladır və bu da bazarda növbəti qeyri-sabitlik riskini artırır.
Şirkətin analitiki Həmməd Hüseynin sözlərinə görə, “Çində qızıla çıxış əldə etmək üçün kredit rıçaqı (leverage) və fyuçers ticarətindən istifadənin artması göstərir ki, son dövrdə qızıla tələbatın yüksəlməsi daha çox spekulyativ köpüyün şişirdilməsinə uyğundur”.
Şirkət hesab edir ki, bu dinamika “çox güman, qızıl bazarında dəyişkənliyin artmasına töhfə verəcək”.
Çinin qlobal qiymət dalğalanmalarına təsiri ilə bağlı narahatlıqlar da güclənib. Capital Economics qeyd edib ki, ABŞ-ın maliyyə naziri Skott Bessant bu yaxınlarda Çində qızıl ticarətini “nizamsız” adlandırıb və bu hərəkətləri “klassik spekulyativ sıçrayış”la müqayisə edib.
Bununla belə, şirkət vurğulayıb ki, Qərb investorları da mühüm rol oynayıb; buna “qızılla təmin edilmiş Qərb ETF-lərinə axınlar” və ABŞ-da marja tələblərinin artırılması misal göstərilir.
Buna baxmayaraq, Capital Economics bildirib ki, fərdi Çin investorlarının tələbi hələ də “qiymətlərə təsir edən mühüm amil” olaraq qalır.
Qiymətlər tarixi maksimumlara çatdığı üçün zərgərlik məmulatlarının istehlakı azalıb, eyni zamanda külçə və sikkələrə tələbat 2025-ci ildə illik ifadədə 35% artıb.
Məlumata görə, qızılla təmin edilmiş Çin ETF-lərinə yatırımlar 2025-ci ilin əvvəlindən bəri ikiqat artıb, spekulyativ xalis uzun mövqelər isə “yüksək səviyyələrdə qalır”.
Şirkət həmçinin Şanxay Fyüçers Birjasında qızıl varrantlarının kəskin artmasına diqqət çəkərək, bunun fyuçers ticarətinin “Çində qızıl bazarının daha əhəmiyyətli hissəsinə çevrildiyini” göstərdiyini bildirib.
Nəticə olaraq, Capital Economics belə qənaətə gəlib ki, “Çində qızıl köpüyü də formalaşa bilər” və kredit rıçaqının, eləcə də spekulyativ fəallığın artması “2026-cı ilin əvvəlindəki kimi daha çox ekstremal dəyişkənlik epizodları” anlamına gələ bilər.
MONETAR.AZ