Statistika bəzən insanı heyrətləndirə bilir. 2025-ci ilin kənd təsərrüfatı göstəricilərinə baxarkən ən “sensasion” rəqəm yaşıl çay yarpağı ilə bağlı oldu. Kənd Təsəsrrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında hazırladığı hesabata görə 2024-cü ildə Azərbaycanda 1,069.5 min ton yaşıl çay yarpağı istehsal edilib. Yəni sadə dillə desək – 1 milyon 69 min 500 ton.
Bir anlıq təsəvvür edin: Lənkəran plantasiyaları Hindistan və Çini geridə qoyur, dünya çay bazarı silkələnir, beynəlxalq birjalarda “Azərbaycan çayı” indeksi formalaşır.
Reallıq isə fərqlidir. Azərbaycanın illik çay istehsalı adətən təxminən 1000–1200 ton civarında olur. Yəni “min ton” deyil, sadəcə ton. Azərbaycanda tarix boyu 1 milyon ton çay yığılmayıb. Deməli, cədvəldəki möhtəşəm sıçrayış əslində kənd təsərrüfatında inqilab yox, klaviatura xətasıdır.
Riyazi məntiq də bunu sübut edir. 2025-ci il üzrə 1.2 min ton (təxminən 1,200 ton) göstərilib və artım 12,7 faiz kimi qeyd olunub. Sadə hesablama göstərir ki, baza göstəricisi təxminən 1,069 ton olmalıdır. Yəni 1.069 min ton, yoxsa 1,069.5 min ton deyil.
Beləliklə, bir nöqtə və vergül Azərbaycanı bir anda qlobal çay supergücünə çevirir. Statistika bəzən iqtisadi möcüzə yarada bilir – amma yalnız kağız üzərində.
MONETAR.AZ

