Sənaye bitkiləri rekord qırır, tərəvəz və barama istehsalı azalır

 Sənaye bitkiləri rekord qırır,

Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-dekabr ayları üzrə kənd təsərrüfatı məhsullarının istehsalına dair göstəriciləri açıqlayıb. Hesabat dövrü pambıqçılıq və tütünçülükdə ciddi artımla yadda qalsa da, bəzi strateji sahələrdə azalmalar və statistik uyğunsuzluqlar diqqət çəkir.

Ötən ilin yekunlarına əsasən, Azərbaycanın kənd təsərrüfatında ən böyük artım tempini sənaye əhəmiyyətli bitkilər göstərib. Xüsusilə tütün istehsalı 28,9% artaraq 8,4 min tona, pambıq istehsalı isə 16,8% artaraq 363,2 min tona çatıb. Bundan əlavə, şəkər çuğunduru 13,2%, meyvə və giləmeyvə isə 5,8% artıb.

Eyni zamanda, bəzi strateji məhsulların istehsalında azalmalar müşahidə olunub ki, bu da daxili bazarda qiymət sabitliyi baxımından risk yarada bilər. Tərəvəz istehsalı 3,8%, bostan məhsulları isə 6,4% azalıb. Kartof istehsal həcmi 924,7 min tona düşərək mənfi tendensiyaya daxil olub. Heyvandarlıq sahəsində ət istehsalı ötən illə müqayisədə sabit qalıb, süd istehsalında isə yalnız 0,3 % artım qeydə alınıb.

İpəkçilik sahəsində vəziyyət ürəkaçan deyil. Barama istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1% azalaraq 239,4 tondan 186,6 tona düşüb. Bu, 2025-ci ilin aqrar hesabatında ən kəskin azalma kimi qeyd olunub.

2025-ci ilin statistik mənzərəsi göstərir ki, fermerlər daha çox dövlət dəstəyinin və ixrac potensialının yüksək olduğu pambıq və tütün kimi sahələrə meyil edirlər. Lakin tərəvəz, kartof və barama istehsalındakı azalma, həmçinin heyvandarlıqdakı durğunluq 2026-cı ildə daxili bazarda bəzi ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər.

MONETAR.AZ