Avrozona ölkələrinin maliyyə nazirləri beynəlxalq hesablaşmalarda və borc kağızlarının buraxılmasında vahid Avropa valyutası olan avronun rolunu artırmaq strategiyalarını müzakirə edəcəklər. Brüssel maliyyə müstəqilliyini gücləndirmək və dollar asılılığını azaltmaq, həmçinin Çin və ABŞ ilə rəqabətdə üstünlük qazanmaq niyyətindədir. Bunu Bloomberg işıqlandırıb.
Xüsusilə, enerji, xammal, hava daşımaları və müdafiə sahələrində əsas oyunçularla dialoqu bərpa etmək təklif olunur. Məqsəd – qiymət siyasəti və dövlət satınalmalarını avroya üstünlük verəcək şəkildə yenidən nəzərdən keçirməkdir.
Diqqət ən böyük enerji təminatçılarına yönəldilib; AB onları avro ilə hesablaşmalar etməyə təşviq etmək istəyir. Eyni zamanda Brüssel üçüncü ölkələri və şirkətləri avro ilə nominasiyalı istiqrazlar buraxmağa təşviq etməyi planlaşdırır.
AB ABŞ iqtisadi sarsıntılar zamanı “dollar likvidliyi təmin etməyə daha az meylli” ola biləcəyindən narahatdır. Buna qarşı Avropa tərəfdaşlara avro ilə likvidliyə çıxış imkanı təklif etməyi planlaşdırır.
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard təsdiqləyib ki, tənzimləyici qurum öz alətlərini avrozonadan kənar mərkəzi banklar üçün daha cəlbedici etmək üzərində işləyir.
Avronun gücləndirilməsini Fransa prezidenti Emmanuel Makron da dəstəkləyir. Gözlənilir ki, AB liderlərinin cümə axşamı keçiriləcək sammitində o, avronun güclü olmasını Avropa iqtisadiyyatının həssaslığını azaltmaq üçün alət kimi qaldıracaq. Laqard həmçinin bildirir ki, ticarətdə avroya keçid əməliyyat xərclərini azaldacaq və ixracatçıları valyuta dalğalanmalarından qoruyacaq.
MONETAR.AZ