Kompensasiyaların qabaqcadan və ədalətli ödənilməsi təklif olunur

Kompensasiyaların qabaqcadan və ədalətli ödənilməsi

Azərbaycanda daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün alınması zamanı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi prosedurunu tənzimləyən yeni qanun layihəsinin hazırlanması təklif olunur.

Bu təkliflə deputat Nurlan Həsənov bu gün keçirilən Milli Məclisin plenar iclasında çıxış edib.

Deputat bildirib ki, daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün əldə edilməsi, həmçinin bu barədə qərar qəbul etmək səlahiyyətinə malik orqanların fəaliyyəti, kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru, forması və meyarları kompleks şəkildə yeni qanunla müəyyənləşdirilməlidir. N. Həsənov qeyd edib ki, belə bir qanunun qəbulu ölkə üçün faydalı olar.

O vurğulayıb ki, Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2020-ci il tarixli qərarında qaldırılan məsələlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Məclisə müvafiq tövsiyələr verilib. Deputat əlavə edib ki, beynəlxalq təcrübə göstərir ki, əksər ölkələrdə mülkiyyətdə olan əmlakın dövlət və ictimai ehtiyaclar üçün alınması qaydaları ayrıca normativ-hüquqi aktlarla tənzimlənir.

N. Həsənov həmçinin diqqətə çatdırıb ki, Şəhərsalma və Tikinti Məcəlləsi normalarına uyğun olaraq, dövlət ehtiyacları ilə bağlı olmayan məqsədlər üçün tikinti işlərinin aparılması qaydalarının təkmilləşdirilməsinə ehtiyac var. O, belə tikinti fəaliyyətinin mülkiyyətçilərin iradəsinə zidd şəkildə həyata keçirilməsi şərtlərinin də daha dəqiq müəyyənləşdirilməli olduğunu bildirib.

MONETAR.AZ