2026-cı ilin yanvar ayı üzrə açıqlanan pərakəndə ticarət göstəriciləri Azərbaycan istehlakçısının xərcləmə vərdişlərində ciddi disproporsiyaları və iqtisadiyyatın sosial tərəfindəki bəzi narahatedici məqamları üzə çıxarıb. Dövlət Statistika Komitəsinin məlumatına görə hesabat ayında pərakəndə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 5,3 milyard manata yaxınlaşıb. Lakin bu ümumi artım fonunda ayrı-ayrı sektorlardakı kəskin fərqlər diqqəti cəlb edir.
Ərzaq "yükü" azalmır: Büdcənin yarısı süfrəyə
Statistikaya ən çox təsir edən amil yenə də ərzaq məhsullarıdır. Əhalinin xərclədiyi təxminən hər iki manatdan biri birbaşa qidalanmağa gedir. Ərzaq məhsullarının ümumi ticarət dövriyyəsindəki xüsusi çəkisinin 49,1% təşkil etməsi onu göstərir ki, ev təsərrüfatlarının büdcəsində ən zəruri ehtiyaclar hələ də dominantlıq təşkil edir. Bu göstəricinin yüksəkliyi, əhalinin digər sahələrə (məsələn, istirahət, təhsil və ya yığım) vəsait ayırmaq imkanlarının məhdud olduğunu göstərən əsas indikatordur.
Dərman xərcləri 25 faizdən çox artıb
Ayın ən diqqətçəkən və sosial baxımdan həyəcanverici statistikası əczaçılıq sektorundadır. Əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclənən vəsait ötən illə müqayisədə kəskin şəkildə - 25,6 % (indeks 125,6 %) artıb. Ümumi ticarətdə payı 2,7 % olsa da, artım tempinin bu qədər yüksək olması iki əsas ehtimalı gündəmə gətirir: ya əhali arasında xəstələnmə halları kütləvi şəkildə artıb, ya da dərman preparatlarının qiymətlərində ciddi bahalaşma baş verib.
Rəqəmsal sıçrayış
Ticarət dövriyyəsində ən sürətli artım tempi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında qeydə alınıb – 31,1 %. Baxmayaraq ki, bu sektorun ümumi bazarda payı cəmi 1,5%-dir, artım sürəti əhalinin texnoloji yeniliklərə olan yüksək tələbatını və ya bu məhsulların kreditlə satışının (taksit kartları və s.) genişləndiyini göstərir. Bundan əlavə, avtomobil benzini və dizel yanacağı satışının 5,8 % artması ölkədə hərəkətliliyin və nəqliyyat sektorundakı aktivliyin artmasından xəbər verir. Geyim və ayaqqabı sektorunda isə artım 5,6 % təşkil edib.
2026-cı ilin ilk ayının statistik mənzərəsi göstərir ki, Azərbaycan istehlakçısı "qarın doyurmaq" (ərzaq) və "sağlam qalmaq" (dərman) kimi təməl ehtiyaclara daha çox vəsait xərcləmək məcburiyyətində qalıb. Ərzaq xərclərinin yüksək payı fonunda tibbi xərclərin kəskin artması, əhalinin real alım qabiliyyətinə təzyiq göstərən və monitorinq tələb edən əsas problemli sahələr kimi qiymətləndirilir.
MONETAR.AZ